15 C
Baku
Friday, March 29, 2024

Ceyhun Bayramov Turizm Təşkilatının baş katibi ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

Ceyhun Bayramov Zurab Pololikaşvilini növbəti dəfə ÜTT Baş katibi seçilməsi münasibətilə təbrik edib. Baş katibin rəhbərliyi altında təşkilatın fəaliyyəti, xüsusilə də əməkdaşlıq məsələlərində yeni, innovativ yanaşmaların artdığı təqdir edilib.

Azərbaycanın turizm sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edən Ceyhun Bayramov son illər ərzində ölkəmizdə bu sahə üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə səviyyəsi ilə yanaşı, həm də regional səviyyədə turizm imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. Ceyhun Bayramov həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib.

ÜTT Baş katibi Zurab Pololikaşvili namizədliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 

Son xəbərlər
Digər xəbərlər