Yanvarın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər. Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb.
Nazirlər, iki ölkə arasında ötən il ərzində həm Xarici İşlər nazirlikləri səviyyəsində, həm də digər qurumlar arasında həyata keçirilən təmasların intensivliyini məmnunluqla vurğulayıblar. Cari ildə iki qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının ötən ilin dekabr ayında Bakıda keçirilən iclasına istinad edərək, əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazirlər, həmçinin ötən ilin 19 dekabr tarixində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslamabadda keçirilən növbədənkənar iclasının nəticələri barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi Azərbaycanlı həmkarını İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək növbəti, 48-ci iclasına dəvət edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.