32 C
Baku
Tuesday, August 19, 2025

ChatGPT ilə kriptovalyuta analizi: bloq yazı

Kriptovalyuta bazarı daim dəyişən, yüksək riskli və məlumat bolluğu ilə zəngin bir mühitdir. Analitiklərin, treyderlərin və investorların əsas çətinliyi – informasiya axınını düzgün oxumaq və qərar verməkdir. Odur ki, süni intellekt (Aİ), xüsusilə də ChatGPT, bazar iştirakçılarına analitika üçün yeni bir dəstək mexanizminə çevrilməkdədir. Bu araşdırmada ChatGPT vasitəsilə kriptovalyutaların təhlili imkanları barədə faydalı məlumatlar təqdim etməyə çalışacam.

ChatGPT kriptovalyuta bazarını necə analiz edə bilər?

  • Xəbərlərin təhlili: Trenddə olan xəbərləri – FED-in qərarları, inflyasiya göstəriciləri və makroiqtisadi təsirləri analiz edərək kriptovalyuta bazarına təsirini izah edə bilir.
  • Texniki analiz dəstəyi: Qrafiklərdə trend xətləri, dəstək və müqavimət zonaları, RSI və MACD kimi indikatorların mənasını açıqlayır.
  • Fundamental analiz: Kripto layihələrin saytlarını və texniki sənədlərini (whitepaper), tokenomikasını və tərəfdaşlıqlarını analiz edib dəyərləndirə bilir.
  • Sosial şəbəkələrin analizi: Forumlar, reddit, X və digər platformalardan icma əhval-ruhiyyənin dinamikasını müəyyən edir.
  • On-chain analiz: İrihəcmli tranzaksiyaları, exchange axınlarını, “whale” hərəkətlərini şərh edə bilər.
  • Ssenariləşdirmə: müxtəlif bazar vəziyyətlərini (məsələn, “BTC yüksəlsə ETH necə reaksiya verər?”) təhlil edib ehtimalları təqdim edir.

Mahiyyət etibarı ilə ChatGPT kriptovalyuta tədqiqat köməkçisi kimi işləyir və əsaslandırılmış təxminlər etməyə kömək edir. Əsas üstünlükləri:

  • Operativlik: xəbərləri tez şərh edir və bazarın nəbzini oxumağa kömək edir.
  • Sadə dil: mürəkkəb analitik məlumatları aydınlaşdırır.
  • Çoxşaxəli baxış:makroiqtisadi faktorların kriptovalyuta ilə əlaqəsini eyni anda görə bilir.
  • Sürətli müqayisə: yüzlərlə altkoini qısa müddətdə analiz edə bilir.
  • Adaptasiya: treyder, investor və ya analitik baxışına uyğun cavab verir.

ChatGPT-nin kriptovalyuta bazarını təhlil etməkdə effektiv işləməsi üçün əsas şərt düzgün yazılmış promptdur. Prompt (tapşırıq) – süni intellektə verilən sorğu və ya göstərişdir ki, onun cavabının keyfiyyətini və dərinliyini birbaşa müəyyən edir. Yalnız dəqiq və məqsədyönlü prompt istifadə edildikdə, ChatGPT məlumatı düzgün istiqamətdə təhlil edir və analitik üçün faydalı nəticələr təqdim edir.

elnur quliyev
Elnur Quliyev, kriptovalyutalar üzrə ekspert

Düzgün prompt aşağıdakı prinsiplərə əsaslanmalıdır:

  • Aydın və konkret məqsəd: ChatGPT-yə rol verilməli və nəyi öyrənmək istədiyinizi dəqiq ifadə edilməlidir;
  • Parametrlərin göstərilməsi:Promptda təhlil üçün lazım olan kriteriyaları qeyd edin – zaman aralığı, bazar kapitalizasiyası, layihənin növü, texniki göstəricilər və s. Bu, ChatGPT-nin məlumatları daha düzgün seçməsinə imkan verir;
  • Cavab formatının dəqiqləşdirilməsi:Cavabın necə təqdim olunmasını göstərmək faydalıdır – cədvəl, qısa icmal, trend təhlili və ya qiymət ehtimalları kimi.

Sadə dildə izah etsəm, düzgün yazılmış prompt ChatGPT-yə nəyi, necə və hansı formatda təhlil edəcəyini göstərir. Rol və parametrlər nə qədər aydın olsa, nəticə bir o qədər etibarlı və faydalı olacaq. Əgər yoxlamaq istəyirsinizsə, promptu yazılması üzrə sizə bir nümunə göstərəcəm:

“Sən kriptovalyutalar üzrə təcrübəli analitiksən. Bazar kapitalizası 500 milyon dollara qədər olan, güclü devoloperlər komandası olan, son 10 gündə X, Reddit və YouTube-da ən çox diqqət çəkən 5 kriptovalyuta seç. Bu 5 kriptovalyutanın son 5 il ərzində qiymətlərini bir cədvəldə göstər və qiymət artımı ehtimallarını qeyd elə”

Bəs risklər? Bəli, anlamaq lazımdır ki, ChatGPT investisiya məsləhəti vermir, sadəcə təhlil və araşdırmaq üçün kömək edir. Əsas risklər aşağıdakı kimidir:

  • Real-time məlumat limiti:canlı qiymətləri yalnız inteqrasiya ilə göstərə bilir.
  • Emosional faktorlar: bazardakı FOMO və FUD-u həmişə düzgün oxumaya bilər.
  • Məlumatın doğruluğu: xüsusilə yeni altcoinlərdə şişirdilmiş və ya səhv məlumat ola bilər.

ChatGPT kripto bazarını təhlil etməkdə güclü köməkçi ola bilər – xəbərləri şərh etmək, trendləri izah etmək, layihələri müqayisə etmək və müxtəlif ssenarilər qurmaq üçün. Amma unutmaq olmaz ki, süni intellekt qərar verən deyil, dəstək verən vasitədir. Ən doğru nəticə isə AI analizini, real bazar məlumatlarını və şəxsi təcrübəni birləşdirəndə əldə olunur.

Müəllif: 
Elnur Quliyev 

 

 

Qeyd: Bu məqalə müstəqil ekspert tərəfindən hazırlanıb. Məqalədə qeyd edilən fikirlər müəllifə məxsusdur və Banker.az saytının rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər

Son xəbərlər
Digər xəbərlər