2022-ci ilin noyabrında ChatGPT-nin meydana çıxması və ondan sonra Sİ-yə (süni intellektə) yönəldilən investisiyalar fond bazarında sürətli artıma səbəb olub və “köpüyün” yaranması ilə bağlı narahatlıqlara baxmayaraq bu artım davam edir, bu barədə “Bloomberg” yazır.
Üç il ərzində ən böyük kapitallaşmaya malik şirkətləri birləşdirən S&P 500 indeksi 64% yüksəlib. Artımın əsas hərəkətverici qüvvəsi texnologiya sektoru olub. Yeddi ən böyük İT korporasiyası olan “Nvidia”, “Microsoft”, “Apple”, “Google”, “Amazon”, “Meta” və “Broadcom” artımın demək olar ki, yarısını təmin edib və onların indeksdəki payı 20%-dən 35%-ə yüksəlib.
“Nvidia” Sİ-nin inkişafından ən çox fayda əldə edən şirkət olub. Çiplərə tələbatın kəskin artması səbəbindən şirkətin səhmləri üç ildə 979% bahalaşıb, bazar dəyəri isə 5 trilyon dolları ötüb. “Bloomberg”in sorğuladığı analitiklərin qiymətləndirməsinə görə, şirkətin 2025-ci ildə gəliri 200 milyard dollar, növbəti ildə isə xalis mənfəəti 170 milyard dolları ötəcək.
Qazanc əldə edənlər arasında enerji şirkətləri də var. Sİ üçün məlumat mərkəzlərinin genişlənməsi fonunda elektrik enerjisinə tələbat artıb. Məsələn, ABŞ elektrik enerji təchizatçısı “Vistra Corp”un səhmləri üç ildə 620% artıb. “NRG Energy” və “Constellation Energy” şirkətlərinin səhmləri də həmin dövr ərzində 250%-dən çox yüksəlib.
Eyni zamanda, investorlar “Sİ-nin tətbiqi riski altında olan” şirkətlərin səhmlərindən daha aktiv şəkildə qurtulmağa başlayıblar. Onların arasında proqram təminatı hazırlayan şirkətlər və kadr agentlikləri də var. Məsələn, müştəri dəstəyi üçün proqram təminatı hazırlayan “LivePerson” və təhsil platforması “Chegg”in səhmləri 97% ucuzlaşıb. Kadr seçimi ilə məşğul olan “ManpowerGroup” və “Robert Half” şirkətlərinin səhmləri isə 65%-dən çox dəyər itirib.





