26 C
Baku
Wednesday, April 24, 2024

“‘Chevron’ və ‘ExxonMobil’ şirkətlərinin AÇG layihəsindəki paylarının satışı tender yolu ilə həyata keçiriləcək”

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və onun “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsi üzrə tərəfdaşları satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“SOCAR və AÇG blokunun işlənməsi layihəsi üzrə xarici tərəfdaşlarımız satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir”, – deyə o, bu gün “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində qeyd edib.

R.Abdullayev İnterfaks Agentliyinə bildirib ki, tenderdə iştirakla bağlı qərar SOCAR və xarici tərəfdaşlar tərəfindən bu gün qəbul edilib.

Xəbər verildiyi kimi, 2018-ci ilin dekabr ayında Amerikanın “Chevron” və “ExxonMobil” şirkətləri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsindəki paylarını satmağı planlaşdırdıqlarını bildiriblər.

Prezident İlham Əliyev bu şirkətlərin AÇG yataqlar blokunun işlənməsi layihəsindəki paylarını satmaqla bağlı planlarını normal və təbii hesab etdiyini deyib. “Layihədəki payın alqı-satqısı təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir”, – deyə dövlət başçısı qeyd edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Neft hasilatı isə 500 mln. tondan çox həcmdə nəzərdə tutulur.*

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər