7 C
Baku
Thursday, January 8, 2026

“Chevron” və “Quantum” “Lukoil”in beynəlxalq aktivlərini bölüşdürməyi planlaşdırır

ABŞ şirkəti “Chevron” və “Quantum Energy Partners” investisiya qrupu “Lukoil” şirkətinin beynəlxalq aktivlərini bölüşdürmək məqsədilə razılaşma bağlamağı planlaşdırır. Bu barədə “Financial Times” qəzeti yazır.

Məlumata görə, şirkətlərin müraciəti “Lukoil”in xaricdəki bütün aktivlər portfelini əhatə edir və “Quantum” ilə “Chevron” uzunmüddətli əsasda 22 milyard dollar dəyərində aktivlərə sahib olmağı hədəfləyir. Qeyd olunur ki, bu yanaşma ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən müsbət qarşılanıb. Qəzet amerikalı bir rəsminin sözlərini sitat gətirir: “Biz bu aktivlərin mülkiyyət hüququnun qeyri-müəyyən müddətə Amerika operatoruna verilməsini təmin edəcək satış variantı axtarırıq. Aktivlərin alındıqdan dərhal sonra yenidən satılmasını istəmirik, buna görə də bu variant çox cəlbedicidir”.

Oktyabr ayında ABŞ və Böyük Britaniya “Lukoil”i öz sanksiya siyahılarına daxil edib. Bundan sonra şirkət beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu bildirib və beynəlxalq neft treyderi “Gunvor” tərəfindən Rusiyanın şirkətinə məxsus xarici aktivlərə sahib olan “Lukoil International GmbH”nin alınması ilə bağlı təklif alıb. Lakin sonradan “Gunvor” ABŞ Maliyyə Nazirliyinin bəyanatından sonra bu təklifi geri götürdüyünü açıqlayıb. Bəyanata əsasən, nazirlik Ukraynadakı münaqişə başa çatana qədər “Gunvor”a biznes aparmağa və mənfəət əldə etməyə imkan verən lisenziya vermək niyyətində deyil.

Noyabrın 14-də “Lukoil”in nümayəndələri bildiriblər ki, şirkət xarici aktivlərin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar aparır və yekun razılaşmalar əldə edildikdən və zəruri icazələr alındıqdan sonra sövdələşmə barədə məlumat verəcək.

Son xəbərlər
Digər xəbərlər