2024-cü ildə ABŞ-dan Çinə xam neft ixracı təxminən yarıya düşüb. Ölkənin iqtisadiyyatındakı dəyişikliklər tələbi azaldıb, üstəlik Çin Rusiya və İran da daxil olmaqla digər ölkələrdən daha çox neft alıb.
Banker.az “Kpler” məlumatlarına görə, ABŞ-dan Çinə neft ixracı il ərzində 81,9 milyon barrel təşkil edib ki, bu da keçən ilki 150,6 milyon bareldən 46% azdır. Bu azalma Çinini keçən ilki ikinci ən böyük alıcı mövqeyindən altıncı yerə salıb.
“Kpler” qlobal enerji və xammal bazarlarını izləyən məlumat və analitika şirkətidir. O, neft, qaz və digər məhsulların ticarət axınlarını peyk izləmə və digər mənbələrdən toplayaraq real vaxtda təhlil edir. Bu məlumatlar treyderlər və enerji şirkətləri üçün bazarların təhlilində istifadə olunur.
Çinin iqtisadi artımının yavaşlaması, elektrik avtomobillərinə və mayeləşdirilmiş təbii qaz kimi enerji mənbələrinə artan keçidi ölkənin xam neftə olan tələbatını azaldıb. Çinin bütün ölkələrdən idxalı keçən illə müqayisədə 7,2% azalıb. Çində tələbin zəifləməsi bu il qlobal neft qiymətlərinin aşağı düşməsinə təsir edib və 2025-ci ilə dair perspektivlər bazar üçün əsas diqqət mərkəzindədir.
Eyni zamanda, Çin neft idxalı mənbələrini də dəyişir. Bu il Çinin dəniz yolu ilə idxal etdiyi neftin təxminən 26%-i Rusiya, İran və Venesueladan gəlib ki, bu da keçən ilki 24%-dən çoxdur. Bununla belə, ümumilikdə Çin əsasən Orta Şərqə güvənir – bu bölgə dəniz yolu ilə idxalın təxminən 60%-ni təşkil edir.
Digər tərəfdən, Avropa ABŞ xam nefti üçün getdikcə daha vacib bir bazar halına gəlib. Buna Qərbi Texas (WTI) neftinin Avropanın Brent standartına daxil edilməsi də təsir edib. Avropa son üç ildir ABŞ nefti üçün əsas istiqamət olub və Asiyanı geridə qoyub. Bloomberg yazır ki, Bu dəyişiklik Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra baş verib.
“Kpler” məlumatlarına görə, 2024-cü ildə ABŞ-dan ən çox neft idxal edən ölkə Niderland olub. Ölkə 194 milyon barrel neft idxal edib ki, bu da keçən illə müqayisədə 12% artım deməkdir. İkinci yerdə isə 166 milyon barrel idxalla Cənubi Koreya qərarlaşıb. Cənubi Koreya Qazaxıstandan alınan bəzi neftin azalmasını kompensasiya etmək üçün ABŞ-dan idxalını artırıb. Qazaxıstan isə neftinin daha çox hissəsini İtaliyaya ixrac etməyə başlayıb.