Çinli tədqiqatçılar optik lif və simsiz şəbəkələrin uyğunluq problemini həll edən inteqrasiya olunmuş rabitə sistemi yaradıblar. Yeni texnologiya məlumat ötürmə sürəti üzrə dünya rekordu müəyyən edib və 6G texnologiyalarının inkişafına ciddi təsir göstərə bilər. Bu barədə China Daily nəşri TV BRICS-ə istinadla məlumat yayıb.
Pekin Universiteti, Pənçen laboratoriyası, Şanxay Texnologiya Universiteti və Milli Optoelektronika İnnovasiya Mərkəzinin mütəxəssisləri eyni vaxtda həm optik lif, həm də hava üzərindən siqnal ötürülməsini dəstəkləyən sistem hazırlayıblar. İndiyədək siqnal arxitekturası və avadanlıqlardakı fərqlər bu iki mühit arasında vahid infrastruktur çərçivəsində yüksək sürətli və uyğun ötürməyə imkan vermirdi.
Sınaqlar zamanı alimlər 6G şəbəkəsinə kütləvi istifadəçi qoşulması ssenarisini modelləşdiriblər. Onlar real vaxt rejimində 86 kanal üzrə 8K formatında video yayım təşkil etməyə nail olublar. Əldə edilən ötürmə qabiliyyəti mövcud 5G standartının göstəricilərini 10 dəfədən çox üstələyib.
Yeni sistem bir kanal üzrə optik lif vasitəsilə saniyədə 512 giqabit, simsiz şəbəkə üzərindən isə saniyədə 400 giqabit sürətlə məlumat ötürülməsini təmin edir. Bu, məlumat ötürmə sürəti üzrə dünya rekordudur. İki rejimli iş prinsipi ötürmə qabiliyyəti məhdudiyyətlərini aradan qaldırır və maneələrin təsirini azaldır.
Tədqiqatın nəticələri nüfuzlu elmi jurnalda dərc olunub. Məqalənin müəllifi, Pekin Universitetinin nümayəndəsi Van Sinçzyun bildirib ki, sistem 6G baza stansiyalarında və simsiz data mərkəzlərində tətbiq oluna bilər. Onun sözlərinə görə, bu inkişaf ümumilikdə telekommunikasiya sistemlərinin arxitekturasına təsir göstərə bilər.
Qeyd olunur ki, 6G şəbəkələrinin inkişafı müxtəlif şəraitdə yüksək sürətli və aşağı gecikməli siqnal ötürülməsini tələb edir. Yeni sistem tam optik arxitektura əsasında qurulub və mövcud optik lif şəbəkələrinə inteqrasiya oluna bilir. Texnologiya aşağı enerji sərfiyyatı ilə seçilir və genişmiqyaslı tətbiq üçün uyğundur.






