Çin Amerikanın hərbi-sənaye müəssisələrinə qarşı cavab sanksiyalar tətbiq edib. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ Pekinin öz ərazisi hesab etdiyi Tayvana silah satmaqda davam edir və bu, “vahid Çin prinsipini ciddi şəkildə pozur”. Xarici İşlər Nazirliyi həmçinin ABŞ-ni Çinin daxili işlərinə qarışmaqda və ölkənin suverenliyinə və ərazi bütövlüyünə ciddi ziyan vurmaqda ittiham edib.
“Lockheed Martin” və “Raytheon” bölmələri də daxil olmaqla 24 şirkətə sanksiya tətbiq edilib. Sanksiyalar çərçivəsində müəssisələr daşınar və daşınmaz əmlakının dondurulması ilə üzləşirlər. Həmçinin qara siyahıya Amerika şirkətlərinin 20 top-meneceri də düşüb. Onlara Çinə səfər etmək üçün viza verilməyəcək və həmçinin ölkə ərazisinə daxil olmaq qadağan ediləcək.
May ayında ABŞ Çini “ədalətsiz ticarət təcrübəsində” ittiham edib. Buna cavab olaraq və “Amerika işçilərini və şirkətlərini qorumaq” üçün ABŞ Prezidenti Co Bayden Çindən idxala rüsumların 18 milyard dollar artırılmasına göstəriş verib. Məhdudiyyətlər bəzi polad və alüminium məhsullarına, elektrik nəqliyyat vasitələrinə və onlar üçün litium-ion batareyalarına, eləcə də bəzi minerallara təsir edib.