33 C
Baku
Monday, June 17, 2024

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb.

Mayın 25-də Çinin Sian şəhərindən Polşaya doğru yola çıxan yük qatarı bu marşrutu üzrə hərəkət edən 90 mininci qatar olub.

“Çin dövlət dəmir yolu qrupu”nun məlumatına əsasən 2011-ci ildə Çin-Avropa marşrutu üzrə yük qatarı səfərləri başlayandan bəri 380 milyard ABŞ dolları dəyərində 8,7 milyon konteyner (20 futluq) yük daşınıb. Təkcə ötən il 56,7 milyard dollarlıq yük daşınıb.

Hazırda Çindən Avropanın 25 ölkəsinin 223 şəhərinə, Asiyanın isə 11 ölkəsinin 100-dən çox şəhərinə yük qatarları səfərləri həyata keçirilir.

Qeyd edək ki, Çindən Avropaya və əksinə istiqamətdə hərəkət edən yük qatarlarının sayında son vaxtlar ciddi artım müşahidə olunur. Cari ilin yanvar-fevral ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə qatarların sayı 9 faiz, daşınan yüklərin həcmi isə 10 faiz artıb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər, habelə Qırmızı dənizdəki təhlükəsizlik problemləri logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə – Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz üzərindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin cari ilin 4 ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcmi ötən illə müqayisədə 35 faiz artıb, Çinin Sian şəhərindən bu dəhlizlə ümumilikdə 60 blok qatar yola salınıb. Bu yaxınlarda aparılmış yenidənqurma işlərindən sonra Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalar bərpa edilib və onun yükburaxma qabiliyyəti illik 5 milyon tona çatdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər