Çin dəmir yolları Çin və Almaniyanı birləşdirəcək yeni Sian-Mannheim qatarının işə salındığını elan edib.
“Sinxua” xəbər verir ki, yeni reys Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçəcək. Beləliklə, qatar iki dənizi – Xəzəri və Qara dənizi keçməklə yanaşı, 11,3 min kilometr məsafə qət etməli olacaq.
Dənizdən keçmək üçün dəniz nəqliyyatından istifadə olunacaq. Aprelin 13-də idman malları ilə yüklənən ilk qatar Sian şəhərindən yola düşüb.
Sian Azad Ticarət Limanının Tikintisi və Əməliyyat şirkətinin baş direktoru Yuan Syaotsyunun sözlərinə görə, əvvəllər az sayda Çin-Avropa qatarının keçdiyi ölkələri və bölgələri əhatə edən yeni marşrut həm Çinə, həm də beynəlxalq müəssisələrə beynəlxalq ticarət üçün yeni bazarlar açır.