Çin hakimiyyəti ən böyük neft emalı şirkətlərinə dizel yanacağı və benzinin ixracını dərhal dayandırmaq barədə göstəriş verib. Bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin qeydinə görə, qərar Fars körfəzində davam edən münaqişə fonunda, regiondan neft tədarükünün pozulması şəraitində qəbul edilib.
“Bloomberg”in mənbələrinin bildirdiyinə görə, neft şirkətlərinin top-menecerləri bu göstərişi Çin Xalq Respublikasının Dövlət İnkişaf və İslahat Komitəsinin rəsmiləri ilə keçirilən görüş zamanı alıblar. Dövlət şirkətləri olan “PetroChina”, “Sinopec”, CNOOC, “Sinochem Group”, həmçinin özəl “Zhejiang Petrochemical” şirkəti də daxil olmaqla müəssisələrə yeni ixrac müqavilələrinin bağlanmasını dayandırmaq və artıq razılaşdırılmış tədarüklərin ləğvinə nail olmaq tapşırılıb.
İstisna yalnız gəmilər və təyyarələr üçün yanacağa, eləcə də Honkonq və Makau istiqamətində tədarüklərə şamil olunur.
“Bloomberg” qeyd edir ki, son illərdə Çin karbohidrogen tədarükünü diversifikasiya etməyə çalışsa da, hələ də lazım olan neftin təxminən yarısını Fars körfəzi ölkələrindən alır.






