Çin səlahiyyətliləri “beyin axınının” qarşısını almaq üçün AI startapı “DeepSeek” işçilərinin xaricə səyahətlərinə nəzarəti gücləndirib. Məlumata görə, “High-Flyer” (“DeepSeek”in ana şirkəti) bəzi işçilərin pasportlarını əlindən alır, onların icazəsiz ölkəni tərk etmək imkanlarını məhdudlaşdırır.
Tədbirlər Çin hökumətinin süni intellekt üzrə alimlərə və sahibkarlara ABŞ-yə səfər etməməyi tövsiyə etdiyi bir vaxta təsadüf edir. Səlahiyyətlilər mütəxəssislərin ehtiyatsızlıqdan Çinin süni intellekt sahəsindəki irəliləyişləri ilə bağlı həssas məlumatları açıqlaya biləcəyindən ehtiyat edirlər. Bundan əlavə, Çin “DeepSeek”ə investisiyalar üzərində nəzarəti gücləndirib və potensial investorlardan ciddi hökumət yoxlamasından keçmələrini tələb edir.
Xatırladaq ki, daha əvvəl “OpenAI” ABŞ-ni Çinin “DeepSeek” şirkətinin süni intellekt modellərinin istifadəsini qadağan etməyə çağırmışdı. Qeyd edək ki, işə salındıqdan 20 gün sonra “DeepSeek”in AI modeli 20 milyondan çox aktiv istifadəçi qazanıb və “ChatGPT”dən sonra dünyada ikinci ən populyar model olub.