Çin dövlət kriptovalyutasını işə salır və bu, maliyyə dünyasını necə dəyişəcək

Bir neçə həftə əvvəl məlum oldu ki, 25 aprel 2020-ci ildə Çin BSN adlı milli blokçeyn platformasını istifadəyə verəcək. Çoxları bunu qlobal maliyyə layihəsi – DC/EP adlı dövlət kriptovalyutasının işə salmaq istiqamətində atılan ilk addım hesab edir. 

Və görünür, ölkə bu təşəkküsü əvvəllər düşündüyündən daha ciddi qəbul edir. Şəbəkəyə sızmış ekran görüntülərindən isə kriptoyuanın tezlikdə ortaya çıxacağı aydın olur. Mütəxəssislər onun dünyanın maliyyə sistemini dəyişdirə biləcəyini söyləyirlər. Bəs, hazırda bu barədə hansı məlumatlar var və onlardan hansı nəticələr çıxarmaq olar?

Tarixə nəzər yetirək

2019-cu ilin oktyabr ayında Çin prezidenti Xi Jinping, blokçeyn texnologiyasının inkişafı dövlətin prioritet vəzifələrindən biri olduğunu açıqladı və ölkədə bu sahənin inkişafını sürətləndirməyə çağırdı. O vaxta qədər, Çinin 2014-cü ildən bəri öz kriptovalyutasını inkişaf etdirdiyi artıq məlum idi. Bu barədə vaxtaşırı xəbərlər yayılırdı, baxmayaraq ki, çoxları üçün Çin ciddi tənzimləmə mexanizmi olan bir ölkə kimi görünürdü: kriptovalyutalara qarşı sərt məhdudiyyəltər, qadağan edilməli olan sahələrin siyahısı, polis tərəfindən blokçeyn konfranslarının bağlanması və s. 

“Libra” ilə bağlı xəbərlərin yayılması ilə çox şey dəyişdi. İstifadəçi sayı 2,3 milyard nəfərdən çox olan bir şirkət (Facebook) “Libra” nı qlobal kriptovalyutaya çevirə bilərdi. 

Çin bunu əlavə stimul kimi qəbul etdi. İlk növbədə, dolları elektron ödəmə bazarından çıxarmaq və gələcəkdə bütün qlobal maliyyə sistemini dəyişdirmək stimulu olaraq. Çinin təcrübəsini görən digər ölkələr öz CBDC-lərini (Central Bank Digital Currency) inkişaf etdirdiklərini bəyan etməyə başladılar. Məsələn, Avropa Mərkəzi Bankı, Cənubi Koreya Mərkəzi Bankı, Rusiya, İsveç və digər ölkələr dövlət kriptovalyutaları sahəsindəki inkişaflarından danışırlar.

Ekran görüntüləri

2020-ci ilin aprel ayında rəqəmsal yuanın istifadəsi üçün nəzərtə tutulan tətbiqetmənin görüntüsü İnternetə sızdı. İlkin məlumata görə, sınaqlar Çin Kənd Təsərrüfatı Bankının (xalis mənfəətin həcminə görə dünyada 7-ci bank) müştərilərinin “ağ siyahısı” arasında başladı – Şenjen, Syuqan, Çendu və Sucou rayonlarında. 

Şəbəkəyə sızmış ekran görüntülərində bu tətbiqin bir neçə funksiyasını görmək mümkündür, belə isə interfeys “Alipay” və “WeChat Pay” kimi ödəniş platformalarının tətbiqlərinə bənzəyir. 

Beləliklə, hazırda kriptoyuan haqqında nə bilirik

  1. Çinin kriptovalyutası əslində DC/EP adlanır və “Digital Currency Electronic Payment” kimi açıqlanır. 
  2. Mərkəzi Bank rəqəmsal yuanın yeridilməsi qrafikini hələ təsdiq etməyib, lakin bir çox mənbələr bunun 2021-ci ilin ortalarında baş verəcəyini güman edirlər. 
  3. Ödənişlərin qəbul edilməsi və göndərilməsi kimi standart funksiyalara əlavə olaraq, kriptoyuan müştərilərinə “touch and touch” imkanını verəcək. Bu yenilik vasitəsilə insanlar telefonlarını bir-birinə toxunduraraq pul köçürmə əməliyyatını həyata keçirə biləcəklər. 
  4. Bunu İnternet olmadan belə həyata keçirmək mümkün olacaq, məsələn, NFC və ya Bluetooth vasitəsilə. 
  5. Ekran görüntülərində həmçinin hesab nömrəsi ilə köçürmə, QR kodların yaradılması və skan edilməsi kimi bizə tanış olan funksiyaları görmək olar. 
  6. Ödəniş sistemi saniyədə 300 minə qədər tranzaksiya həyata keçirə bilər. 
  7. Bu sürət sayəsində Çin kriptovalyutası istənilən maliyyə əməliyyatları üçün uyğun olacaq. 
  8. Göründüyü kimi, kriptoyuanın blokçeyni mərkəzləşdirilmiş olacaq. 
  9. Lakin valyuta təkçə blokçeyn ilə işləməyəcək: emissiya iki əsas mərhələdən keçəcək: Mərkəzi Bankdan kommersiya banklarına və kommersiya banklarından dövriyyəyə. 
  10. Banklar və təşkilatlar DC/EP-nin emitenti kimi çıxış edə biləcəklər. 
  11. Patentlər eyni zamanda DC/EP-nin lisenziyalı üçüncü ödəmə qurumlarına və banklara rəqəmsal valyutanın təkrar emissiyasında iştirak etməyə imkan verən iki səviyyəli arxitekturadan istifadə edəcəyini göstərir.
  12. Bu sxemin həyata keçirilməsində AliPay-ın özü iştirak edəcək. 
  13. DC / EP buraxılışında iştirak etmək üçün lisenziyası olan bütün təşkilatların Çin Xalq Bankında ehtiyat hesabı olacaqdır.
  14. Bundan əlavə, Çinin gözləntilərinə görə kriptoyuan ölkədə maliyyə əlçatanlığını əhəmiyyətli dərəcədə genişləndirəcək. 
  15. Bununla yanaşı, beynəlxalq mübadilə vasitəsi olaraq transsərhəd ödəmələrin səmərəliliyini artırmaq mümkün olacaqdır.
  16. Bir çox mənbələr martın 24-də Çin Bankının əsas funksiyalarının inkişafını başa çatdırdığını və  planlarını həyata keçirmək üçün qanunlar hazırlamağa başladığını yazırlar. 
  17. Hökumət üçün əsas vəzifələrdən biri kriptovalyutanın fiat yuanı ilə eyni suverenliyə sahib olmasıdır. 
  18. Mərkəzi Bank  DC / EP-ni Pekində keçiriləcək 2022 Olimpiya Oyunları zamanı da geniş istifadəsini planlaşdırdığını açıqlayıb. 

Yeni maliyyə dövrünün başlanğıcı?

Hal-hazırda əldə olan  məlumatlardan göründüyü kimi, DC/EP mərkəzləşdirilməmiş kriptovalyutanın klassik konsepsiyası deyil. İstifadəçilərin özləri isə  “WeChat Pay” və ya “Ali Pay” ilə müqayisədə böyük bir fərq hiss etməyəcəklər. Dövlət üçün valyutanın blokçeyn strukturu izləməni və nəzarəti təmin edəcək. 

Bununla yanaşı, qlobal kriptovalyutanın yerini tuta biləcək “Libra” və ya “Ton” kimi layihələr, konsepsiyalarını tez-tez dəyişirlər və ya tənzimləyicilərin tələblərinə görə buraxılmırlar. Bu, Çinə rəqabətdə lider olmaq üçün əlavə fürsət verir. 

Bu gün Çin neftin qiymətindən asılı olan dünyada ikinci iqtisadiyyatdır. Və nə qədər ki fiat yuan dolların monopoliyasını pozmayıb, rəqəmsal yuan müəyyən perspektivlərə malikdir. 

Və şübhəsiz ki, digər ölkələr də Çinin arxasınca gedəcəklər.