Çinin Hunan əyalətindəki Milli Müdafiə Texnologiyaları Universitetinin alimləri gizli əməliyyatların keçirilməsi üçün ağcaqanad ölçüsündə ən kiçik pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “New York Post” nəşri məlumat verib.
Məlumata görə, dron ultraminiatür kameralar və görüntüləri, səsləri və elektron siqnalları tutmaq üçün mikrofonlarla təchiz edilib, kiçik ölçüləri isə onu praktiki olaraq adi göz üçün görünməz edir, dron, həmçinin adi radiolokasiya sisteminin yanından gözə görünmədən uça bilir.
“Bu kimi miniatür bionik robotlar, xüsusilə informasiya kəşfiyyatı və döyüş meydanında xüsusi tapşırıqlar üçün əlverişlidir”, – deyə nəşr yazıb.
Lakin müdafiə sahəsində baş elmi işçi Timoti Hitin sözlərinə görə, PUA-nın mənfi tərəfləri də var. Məsələn, cinayətkarlar tərəfindən şəxsi məlumatların oğurlanması üçün istifadə edilə bilər, həmçinin ixtiranın texniki imkanları ilə bağlı da sual doğuran məqamlar var.
“Uzun müddət ərzində casusluq etmək üçün kimsə daimi şəkildə mikrodronları söndürməyə, onların batareyasını doldurmağa və topladıqları məlumatları “ələkdən keçirməklə” yanaşı, həm də yeni tapşırıqlar verməyə hazır olmalıdır. Üstəlik, bütün bunlar hədəfdə olan insan və ya biznesin əlçatan olduğu şəraitdə baş verməlidir”, – deyə Timoti Hit qeyd edib.
O əlavə edib ki, ağcaqanad şəklində PUA casusluq üçün yaxşı olsa da, döyüş meydanında daha az faydalı olacaq.