Çinə bağlı dövlət haker qrupu olan “Salt Typhoon”, qlobal telekommunikasiya şəbəkələrinə qarşı kiberhücumlarını davam etdirir. “Recorded Future” şirkətinin hesabatına görə, fevral ayından bəri bu qrup ABŞ-da “Comcast”, Cənubi Afrikada MTN, Cənubi Koreyada isə “LG Uplus” daxil olmaqla yeddi şirkətə aid qurğuları sındıra bilib.
Banker.az İnvestisiya xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazır.
Hücuma məruz qalan cihazlar birbaşa operatorlara deyil, onların müştərilərinə məxsus olsa da, ekspertlər bu cür boşluqların hakerlərə şəbəkələrin əsas infrastrukturuna sızmaq imkanı verə biləcəyini bildirirlər.
ABŞ daha əvvəl “Salt Typhoon”u genişmiqyaslı kiber-casusluq kampaniyasında, o cümlədən Tramp, Harris və digər siyasətçilərin telefonlarının sındırılmasında ittiham etmişdi. Çin rəsmiləri bu iddiaları rədd edərək, ABŞ-ın yetərli sübut təqdim etmədiyini bəyan etmişdi.
“Comcast” və “LG Uplus” qurğuların daxili sistemlərlə əlaqəsinin olmadığını bildiriblər. MTN isə ümumiyyətlə hücum faktını inkar edib. Buna baxmayaraq, mütəxəssislər “Salt Typhoon” qrupunu qlobal telekommunikasiya təhlükəsizliyi üçün ciddi təhdid hesab edirlər.