12 C
Baku
Tuesday, November 19, 2024

Çin hökumətini tənqid etdi, bankları “lombard” adlandırdı – Cek Manın hekayəsi

Təxminən bir il əvvəl, 2020-ci ilin oktyabrında internetdə Ant Group şirkəti haqqında məlumat yayıldı. O ərəfədə şirkət möhtəşəm IPO-ya hazırlaşırdı: 250 milyard dollarlıq kapitallaşma (bəzi qiymətləndirmələrə görə 350 milyard dollar), 35 milyard dollar investisiya və yeni uğurlu biznes. Hamının gözü Ant Group və Cek Manın üzərində idi.

Və bu, Cek Ma 24 oktyabr 2020-ci il tarixində Şanxayda keçirilən iqtisadi forumda Çin hökumətini kəskin tənqid etməsəydi, baş verərdi. O, çıxışında məmurları tənqid edərək, Çinin daha yaxşı gələcək naminə dəyişməli olduğunu vurğulamışdı.

Bu hadisədən bir gün keçməmiş Ant Group-un IPO-su ləğv edildi. Növbəti il də şirkət birjaya çıxa bilmədi, Cek Manın əsas biznesi olan Alibaba isə dəyərinin 300 milyard dollarını itirdi. Necə oldu ki, keçmişdə Çinin ən varlı sahibkarlarının birinin ehtiyatsızlığı Ant Group-u az qala məhv etdi?

Ant Group-a endirilən zərbə

The Wall Street JournalFinancial Times qəzetlərinin verdiyi məlumata görə, Ant Group-un birjaya çıxmasının ləğvi barədə əmri şəxsən ÇXR-in sədri Si Tsinpin verdi. WSJ yazırdı ki, Cek Ma nəinki Çin rəsmilərini təhqir etdi, hətta çıxışında Sinin sitatlarını gətirdi. Bundan xəbər tutan ölkə başçısı IPO-nun ləğvi barədə göstəriş verdi.

Ant Group üçün bu, böyük problemlərin başlanğıcı idi. Fakt budur ki, şirkət öz istifadəçilərinə kredit vermək və investisiya qoymaq kimi bir sıra maliyyə xidmətlərini göstərsə də, bank tənzimləyicilərinə tabe deyildi. Təkcə bunun sayəsində biznesin dəyəri 1 milyard dollardan üç dəfə artmışdı.

Çində Manın “hiyləsi” buna son qoydu. Çin Xalq Bankı qarşıdan gələn yoxlamalar barədə xəbərdarlıq etdi və 2020-ci ilin dekabr ayının sonuna qədər şirkətin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumat yaydı. Alipay öz işini davam etdirməli idi, lakin kreditləşmə, sığorta və investisiyalar kimi xidmətlər göstərmək qadağan idi. Bu, biznesin hər sahəsinə təsir göstərdi. Şirkət daha əvvəl boyun qaçırdığı sərt maliyyə nəzarəti altına düşdü.

2021-ci ilin əvvəlində şirkət səlahiyyətlilərin əmrlərinə əməl edəcəyini və yeni tənzimləmə qaydalarına uyğun olaraq biznesini yenidən quracağını vəd etdi. Bu, əlbəttə ki, inkişafı ciddi şəkildə ləngidirdi, çünki məhz bu tənzimləmənin olmaması sayəsində Ant Group bu qədər sürətlə inkişaf edirdi. Reuters agentliyinin məlumatına görə, şirkət növbəti iki il ərzində IPO keçirə biləcək, lakin onun bazar dəyəri, eləcə də cəlb edilən vəsaitin həcmi çox kiçik olacaq.

Altı ay sonra Çinin Ant Group-a zərbə endirməsinin daha iki səbəbi ortaya çıxdı:

1. Biznesin inanılmaz 300 milyard dollarlıq bazar dəyəri. O dövrdə Çin şirkəti ABŞ-ın JPMorgan Chase ilə demək olar ki, eyni səviyyədə idi. Vacibdir ki, Ant Group-un bazar dəyəri Çin banklarının bazar dəyərini xeyli üstələyirdi. Hakimiyyət nümayəndələrinin fikrincə, şirkətin ümumi qaydalardan yan keçərək ciddi oyunçuya çevrilməsi ölkənin iqtisadi sabitliyini poza bilərdi. Financial Times-ın məlumatına görə, dövlət 300 milyard dolları görəndən sonra şirkətin şövqünü azaltmaq qərarına gəldi.

2. Ant Group-un səhmdarları arasında ÇXR sədrinin idarə heyətinin sabitliyini təhdid edən şəxslər var idi. The Wall Street Journal yazır ki, Si Tsinpin şirkətin bəzi benefisiarlarının adlarını öyrəndikdən sonra qəzəbləndi və IPO-nu ləğv etdi. O, səhmlərin yerləşdirilməsi sayəsində qazanılacaq milyardlarla dolların düşmənlərinin əlinə keçməsinə imkan verə bilməzdi.

Daha sonra məlum oldu ki, Çin Ant Group və daha 12 yerli şirkətin təsirini məhdudlaşdırmaq üçün onlara qarşı sanksiyalar tətbiq etdi.

Alibaba-ya endirilən zərbə

Problemlər təkcə Ant Group ilə məhdudlaşmadı. 2020-ci ilin dekabrında Çin hökuməti Cek Manın digər şirkəti Alibaba ilə bağlı araşdırma aparmaq planlaşdırdığını açıqladı. Buna səbəb onun bazardakı inhisarçı mövqeyi oldu: guya Alibaba partnyorları ilə rəqabət aparan saytlarla işləməyə icazə vermirdi.

İstintaq Alibaba-nın xeyrinə bitmədi – şirkət 2.8 milyard dollar cərimələndi. Maraqlıdır ki, bu, ölkə tarixində ən böyük korporativ cərimə oldu.

Ant Group ətrafındakı bu situasiya Alibaba-ya da təsir göstərdi. İl ərzində şirkət kapitallaşmada demək olar ki, 350 milyard dollar itirdi. Rekord göstəricidir! Buna baxmayaraq, Alibaba hələ də uğurlu biznes sayılır – o, Çində, eləcə də bütün dünyada əla işləyir.

Cek Ma

Cek Ma da bundan təsirləndi. Dekabrın 24-də keçirilən konfransda çıxış edənə qədər onun Çinin ən varlı adamı olacağı və dünyanın ən varlı insanlarının ilk onluğunda yer tutacağı proqnozlaşdırılırdı. Günün sonunda hər şey dəyişdi.

İlk bir neçə ay ərzində Cek Ma ümumiyyətlə ictimaiyyət qarşısına çıxmırdı, heç kim onun harada gizləndiyini bilmirdi. KİV Çin hökumətinin ona ölkəni tərk etməyi məsləhət görmədiyini yazırdı. Mətbuatda yer alan müxtəlif sızmalara görə, milyarder hərtərəfli dövlətə güzəştə gedirdi.

Dövlət mətbuatı isə sahibkara və şirkətlərinə tənqidlərlə hücum etməyə davam edirdi. Amerika mediasına əsasən, Cek Ma bazarın digər hissəsi üçün nümunə idi: bizneslə məşğul olmaq istəyirsənsə, Çinin mövcud rəhbərliyinə qarşı çıxmalı deyilsən.

2021-ci il ərzində Çin texnologiya şirkətinə qarşı “vintləri sıxırdı”: texnologiya sənayesinin nə qədər güclü olduğunu görən dövlət buna susa bilmirdi. İl boyu edtech-şirkətləri və ölkənin ən populyar xidmətləri sanksiyalara və məhdudiyyətlərə məruz qalırdı.

Son xəbərlər
Digər xəbərlər