İlkin qiymətləndirmələrə görə, 2025-ci ildə Çinin ümumi daxili məhsulu (ÜDM) 140,18 trilyon yuan (20,084 trilyon ABŞ dolları) təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 5,0% çoxdur. Məlumatları ÇXR-in Dövlət Statistika İdarəsi yayımlayıb.
“İlkin sənaye” adlanan sahənin müəssisələrinin mənfəəti illik ifadədə 3,9% artaraq 9 trilyon 334,7 milyard yuana çatıb. Çində bu kateqoriyaya təbii resurslardan istifadə ilə bağlı fəaliyyət növləri, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, mədənçıxarma, meşə təsərrüfatı, külək və günəş enerjisinin istehsalı və s. daxildir. “İkincil sənaye”nin (emal sənayesi, elektronika, avtomobil istehsalı, yüngül sənaye və s.) mənfəəti 4,5% artaraq 49 trilyon 965,3 milyard yuan olub. “Üçüncül sənaye”də (xidmətlər sektoru) artım daha nəzərəçarpan olub və 5,4% təşkil edərək 80 trilyon 887,9 milyard yuana çatıb.
Ötən ilin dördüncü rübündə iqtisadi artım tempinin illik ifadədə 4,5%-ə qədər yavaşladığı (əvvəlki rüblə müqayisədə 1,2%) qeydə alınıb. 2025-ci ilin ilk üç rübünün yekunlarına görə isə Çin iqtisadiyyatı 5,2% artaraq 101,5 trilyon yuana yüksəlib ki, bu da Çin Xalq Bankının məzənnəsinə əsasən təxminən 14,3 trilyon ABŞ dollarına bərabərdir.
İlin əvvəlində Dünya Bankı Çin iqtisadiyyatını ən dayanıqlı iqtisadiyyatlardan biri kimi proqnozlaşdırmışdı. ABŞ tərəfindən elan olunan tarif müharibəsinə baxmayaraq, ÇXR-in ÜDM-nin 2025-ci ildə 4,5%, 2026-cı ildə isə 4% artacağı gözlənilirdi. Beynəlxalq Valyuta Fondu (BVF) isə 2025 və 2026-cı illər üçün iqtisadi artım proqnozunu 4% səviyyəsində qiymətləndirmişdi.







