Çin Kommunist Partiyası Mərkəzi Komitəsi (ÇKP MK) və Çin Dövlət Şurası bazar günü ölkədə “istehlakı stimullaşdırmaq üçün xüsusi fəaliyyət planı”nı açıqlayıb.
Sənəddə bir sıra iddialı məqsədlər sadalanır: əhalinin gəlirlərinin artırılması, pensiyaçılar və gənc valideynlərə maliyyə və sosial dəstəyin gücləndirilməsi, daxili turizmin inkişafı və xarici turistlərin cəlb edilməsi, onlayn ticarətin və müasir texnologiyaların tətbiqinin dəstəklənməsi, istehlakçı fəallığının dəstəklənməsi.
Bununla belə, planda bu məqsədlərə nail olmaq üçün konkret addımlar haqqında faktiki olaraq heç bir qeyd yoxdur. Bu tədbirlərin görülməsi yerli hakimiyyət orqanlarının çiyninə düşəcək və onlar ÇKP MK və Dövlət Şurasının direktivlərini rəhbər tutmalı olacaqlar.
Bazar günü açıqlanan plan, martın əvvəlində “getdikcə mürəkkəbləşən” xarici mühiti nəzərə alaraq, daxili istehlakın “iqtisadi inkişafın əsas mühərriki və lövbəri”nə çevrilməli olduğunu söyləyən Baş nazir Li Qiangın hesabatına əsaslanır.







