İllərdir davam edən iqtisadi böyümə nəticəsində, Çin qlobal rəqiblərini arxada qoyaraq, dünyanın ikinci böyük iqtisadiyyatı olmağı bacardı. Çin bu illər ərzində geridə qalmış əmək qüvvəsini və digər resurslarını yetərincə səmərəli istifadə edərək, iqtisadi möcüzəyə nail olmuş və adambaşına düşən milli gəliri dəfələrlə artmışdı. Hətta Çin iqtisadiyyatı 2008-ci ildəki maliyyə böhranından da az yara alaraq qurtuldu və iqtisadi dayaqlarının davamlı olduğunu, kommunist partiyasının düşünülmüş siyasi-iqtisadi tədbirlərinin uzunmüddətli strateji inkişafın qarantiyası olduğunu sübut etdi. Lakin, bu il ekspertlərin Çin iqtisadiyyatındakı 2019-cu il üçün proqnozlaşdırılan iqtisadi böyümə rəqəmini azaltması, bütün dünyanın haqlı narahatlığına səbəb oldu. Çin höküməti dərhal reaksiya göstərərək, 2019-cu ildə vergi güzəştləri və dövriyyədəki pul kütləsini artırmaqla, iqtisadi böyüməni tarazlayacağı mesajlarını verdi. Bir çoxlarına görə bu böyümə proqnozlarının azalmasının səbəbi ABŞ-la arasında olan ticarət müharibəsi kimi göstərilsə də, əslində iqtisadi qanunlar daha fərqli səbəblər söyləməyə imkan verir. Bu məqalədə Çin iqtisadiyyatında böyümənin azalmasının ABŞ-la olan ixtilafdan daha başqa səbəbləri müzakirə ediləcək.
Birinci, onu qeyd etmək lazımdır ki, Çini investorlar üçün cəlbedici edən əsas faktorlardan, bəlkə də ən başlıcası ucuz əmək qüvvəsi idi. Belə ki, Çin heç bir insan haqlarına və əmək normalarına riayət etməyərək, ucuz işçi qüvvəsini xarici investorlara təklif edir. Onsuz da ucuz olan işçi qüvvəsi, yerli valyutanın ABŞ dollarına qarşı çox ucuz olmağı da nəzərə alınarsa, xarici investorlar üçün əsl qul bazarına çevrilmişdi. 1970-ci illərdən başlayan islahatlarla, son 40 il ərzində ölkədə aqrar sahədə işləyən əmək qabiliyyətli əhali, qabiliyyətlərini inkişaf etdirərək, yeni texnologiyalardan istifadə edə bilən, zavod və fabriklərdə işləyən fəhlələrə çevrildi. 1970-ci ildən əvvəl əmək qabiliyyətli əhalinin yalnız 2%-i ali təhsilli idisə, hazırda cavan əhalinin 30%-i ali təhsillidir. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, Çinin “Bir Uşaq Siyasəti” nəticəsində əmək qabiliyyətli əhalinin ümumi əhaliyə olan nisbəti artmış və bu, demoqrafik cəhətdən ölkəyə böyük üstünlüklər vermişdir. Ancaq artıq ölkənin əmək qabiliyyətli əhalisinin təhsil və həyat səviyyəsi daha yaxşı olduğundan, əvvəllər qəbul olunan təhlükəli və insan haqlarını heçə sayan ucuz muzdlu qüvvələr əmək bazarına hakim deyil. Misal üçün qeyd etmək olar ki, indi investorlar daha ucuz əmək qüvvəsi olan Myanmar və Vyetnama “hücum edirlər”. Yəni, Myanmar və Vyetnam da Çinin illər öncə getdiyi yolu gedirlər.
İqtisadi böyümənin azalmasının ikinci səbəbi Çinin texnoloji inkişafıdır. Belə ki, 10 ballıq şkalada texnoloji inkişafı xəyal etsək, Çin üçün 1-ci şkaladan tərpənmək və müəyyən pillələri keçmək böyük uğur sayılırdı. Faktiki olaraq Çin, texnoloji cəhətdən Qərbdən çox geri qalsa da, texnologiyanın illər üzrə marjinal inkişaf səviyyəsinə görə Qərbi xeyli qabaqlayırdı. Ancaq indi Çin demək olar ki, texnoloji cəhətdən dünyanın ən qabaqcıl ölkələri ilə rəqabət halındadır və bu səviyyədən irəli getmək daha çətindir. Misal üçün, Avropada qabaqcıl texnologiya şirkətlərinin uzun illərdən bəri davam edən inkişaf mərhələləri olsa da, Çin şirkətləri qısa müddət ərzində böyük sıçrayışla həmin şirkətlərə çatır. İllərdir Qərbdə istehsal olunan hər texnoloji yeniliyin daha ucuz və keyfiyyətsiz versiyasını Asiya və Afrika bazarı üçün istehsal edən Çin şirkətləri, artıq texnologiya təqibçisi deyil, daha çox yeniliklərin lideri kimi çıxış edir. Böyümənin eyni sürətlə davam etməsi üçün təkcə Çinin öz istəyi yox, qlobal dünyada baş verən yeniliklər və Dördüncü Sənaye İnqilabının (4.0) inkişaf prosesləri də rol oynayacaq.
Üçüncü səbəb kimi onu qeyd etmək lazımdır ki, Çin öz ixracat potensialı ilə dünya iqtisadiyyatına damğa vurmuşdu. Beynəlxalq Valyuta Fondunun (BVF) verdiyi məlumata görə, son 30 il ərzində Çin ixracatında hər il ortalama 17% böyümə qeydə alınmışdır. Bu böyümənin eyni sürətlə davam etməsi, dünya iqtisadiyyatı da eyni sürətlə böyüməlidir. Məsələni daha aydın izah etmək üçün Çin və onun ixracat tərəfdaşlarını bir komanda kimi təsəvvür etmək olar. Çin nə qədər sürətli oynasa da, digər üzvlər eyni temp ilə oynaya bilmir, nəticədə ümumi komanda ən effektiv oyununu sərgiləmir. Fikri ümumiləşdirsək demək olar ki, Çinin ixracatı qlobal dünyadakı böyümədən daha sürətlə böyüyə bilməz. İxracatını artırmaq üçün, Çin digər ixracatçı ölkələrin bazarına girməli və onların payını “mənimsəməlidir”. Lakin, indiki şəraitdə, Çin öz ən böyük bazarı ABŞ-la olan ticarət müharibəsini həll etməlidir, çünki heç bir bazar ABŞ bazarındakı itkini kompensasiya edə bilməz.
Yekun olaraq bildirmək olar ki, Çinin iqtisadi böyüməsindəki azalma həm iqtisadi, həm də təbii səbəblərdən irəli gəlir. Əslində, ixrac potensialında böyümənin azalması Çinin daxili bazarda istehlakın artması üçün təşviqlər göstərməyə məcbur edir. 2019-cu ildə Çin Mərkəzi Bankı 80 milyard ABŞ dollarını yerli banklar vasitəsilə iqtisadiyyata ötürməyi planlaşdırır. Dünya Bankının ekspertlərinin verdiyi proqnozlara görə, Çin iqtisadiyyatında böyümə növbəti 10 il ərzində daha da azalacaqdır. Çin zənginləşdikcə, böyümə sürəti bir az da azalmağa yönələcəkdir. Dünyanın bütün iqtisadi cəhətdən uğurlu və inkişaf etmiş ölkələri eyni yolu keçiblər. Artıq Çinin inkişafı özündən daha çox qlobal dünyanın iqtisadiyyatında asılı vəziyyətə düşüb.
—Müəllif—
ƏLİ DADAŞZADƏ