Çin iqtisadiyyatı üzrə açıqlanan statistik göstəricilərin investorlarda yaratdığı narahatlıq davam edir. Aprel ayında Çində investisiyaların həcmi, sənaye istehsalı göstəricisi, pərakəndə satışın həcmi gözlənildiyindən zəif artım göstərib. Bu da dünyanın ikinci ən böyük iqtisadiyyatının canlanması ehtimallarını şübhə altına alıb. Belə ki, Çin Milli Statistika Bürosunun (NBS) məlumatına görə, apreldə ölkədə sənaye istehsalı keçən ilin analoji dövrü ilə müqayisədə 6% artsa da, investorların proqnozlaşdırdığı 6,5%-lik artım göstəricisindən az olub. Qeyd edək ki, martda artım 6,8% təşkil edib.
Əsas kapitala investisiyalarda yanvar-aprel aylarında artım tempi azalaraq 10,5%-ə düşüb. Belə ki, analoji rüblük göstərici 10,7%, investorların proqnozu isə 10,9% olub. Özəl şirkətlərin əsas kapitala investisiyaları isə yanvar-aprel aylarında 5,2% artıb (I rübdə – 5,7%). Bu göstəricinin azalması onların iqtisadiyyatın perspektivlərinə şübhə ilə yanaşdığını əks etdirir. “Commerzbank”ın Sinqapur şöbəsinin iqtisadçısı Çjou Xaoya görə, iqtisadiiyat dinamikasını itirməyə başlayıb və iqtisadi artım perspektivləri qaranlıq görünür.
Çində pərakəndə satış isə aprel ayında 10,1% artsa da, investorların 10,5%-lik proqnozdan aşağı olub.
Report