Çinin Mərkəzi Bankının qızıl ehtiyatları iyul ayında təxminən 19,91 ton artıb və bu, 2023-cü ilin oktyabr ayından bəri ən yüksək aylıq qızıl alışı deməkdir.
Ölkənin qızıl ehtiyatları iyul ayının sonunda əvvəlki aya nisbətən 640 min unsiya artaraq 76 milyon 80 min unsiyaya çatıb. Çin Mərkəzi Bankı iyun ayında da ehtiyatlarına 480 min unsiya və ya təxminən 15 ton əlavə etmişdi.
İyul ayındakı artımla Çinin ümumi qızıl ehtiyatları təxminən 2366 tona çatıb. Beləliklə də bank ardıcıl 21-ci aydır ki, qızıl alışını davam etdirir.
Qeyd edək ki, son illərdə Çin də daxil olmaqla, bir çox ölkənin mərkəzi bankları geosiyasi qeyri-müəyyənliklər səbəbindən və ehtiyatlarını şaxələndirmək səylərinin bir hissəsi olaraq qızıl ehtiyatlarını artırır.







