Əmlak sektorundakı problemləri aradan qaldırmaqda çətinlik çəkən Çin iqtisadiyyatında $1.3 trilyon-a çatan kredit kartı əməliyyatlarını tənzimləmək və ona nəzarət etmək üçün qaydalar sərtləşdirilib. Bankları daha “ehtiyatlı” böyümə strategiyası tətbiq etməyə çağıran Çin riskləri daha yaxından izləyəcəyini vurğulayıb.
Banker.az xəbər verir ki, Çin Bankçılıq və Sığorta Tənzimləmə Komissiyasından verilən açıqlamaya görə, banklar çıxardıqları kredit kartlarının sayını və ya bu sahədəki bazar payını əsas performans meyarı kimi istifadə edə bilməyəcəklər, həmçinin, aktiv olmayan kartların sayı ümumi kart sayının 20%-indən çox olmayacaq.
Komissiyanın açıqlamasında deyilir: “Çinin kredit kartları sektoru sürətlə inkişaf edir, ödənişləri və istehlakı asanlaşdırmaqda mühüm rol oynayır. Bununla belə, bəzi banklar risklərin idarə edilməsində ləng davranır və istehlakçıların maraqlarına xələl gətirən hərəkətlər edir”.