Çin Xalq Bankı (Mərkəzi Bank) çərşənbə günü yuanın məzənnəsini 71 bənd artıraraq 1 dollar görə 6.4853 yuan səviyyəsinə qaldırıb. Tənzimləyicinin rəsmi saytında yayımlanan məlumatlara əsasən, bu, 12 mart tarixindən bəri maksimum göstəricidir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Sina Caijing” maliyyə nəşrinin çərşənbə günü verdiyi məlumata görə, ortamüddətli dövrdə yuanın dollara qarşı məzənnəsi sabit qalacaq. Ümumilikdə, materiallarda deyilir ki, Çin valyutası dollara qarşı güclü olacaq. Dünyadakı mürəkkəb epidemiya vəziyyəti ilə əlaqədar olaraq ixrac hələ tam bərpa olunmayıb və bu, yuanın məzənnəsinə təsir göstərir.
Xatırladaq ki, yanvar ayında Çin Xalq Bankının pul siyasəti şöbəsinin müdiri Sun Guafeng yuanın dollara qarşı iki istiqamətdə dalğalanmasının bu il norma olacağını söyləyib. Onun sözlərinə görə, məzənnə daxili və xarici iqtisadi vəziyyətdən, tədiyyə balansından, o cümlədən beynəlxalq valyuta bazarındakı dəyişikliklərdən asılı olacaq. Məmur həmçinin ÇXR-in “Çin valyutasının sabitliyini ağlabatan və balanslı bir aralıqda qoruyacağına” da diqqət yetirib.
2020-ci ildə pandemiya fonunda yuan dollara qarşı ucuzlaşmağa başlayıb. Keçən ilin may ayında valyuta 2008-ci ilin fevralından bəri minimum həddə çatıb – 7.1316 yuan. Lakin tədricən Amerika valyutasına qarşı güclənməyə başlayıb.