Çin yaxın beş il ərzində ölkə üzrə məlumat emalı mərkəzlərinin (data mərkəzlərinin) tikintisinə təxminən 2 trilyon yuan (295 milyard dollar) vəsait yönəltməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Çin Milli İnkişaf və İslahat Komissiyası da daxil olmaqla əsas dövlət qurumları ölkə üzrə qarşılıqlı əlaqəli hesablama mərkəzləri şəbəkəsinin yaradılması planını hazırlayırlar. Data mərkəzlərinin əsas hissəsini idarə etmək və onların əlaqəsini təmin etmək vəzifəsi China Mobile və China Telecom şirkətlərinə həvalə olunacaq.
Bloomberg-in məlumatına görə, layihədə texnologiyaların təxminən 80%-nin yerli təchizatçılardan alınması nəzərdə tutulur. Bu təchizatçılar arasında Huawei Technologies də yer alır. Xüsusilə süni intellekt çipləri kimi sahələrdə yerli həllərə üstünlük verilməsi planlaşdırılır. Bunun nəticəsində ABŞ şirkətləri Nvidia və AMD bazardan sıxışdırıla bilər.
Mənbələr qeyd edirlər ki, məlumat emalı mərkəzləri layihəsi hələ müzakirə mərhələsindədir və onun detalları dəyişə bilər.
Bundan əvvəl Reuters yazmışdı ki, Çin süni intellekt üçün kosmosda məlumat emalı mərkəzləri yerləşdirməyi planlaşdırır. Aparıcı dövlət kosmik podratçısı olan China Aerospace Science and Technology Corporation məlumatların emalı üçün orbital infrastrukturun yaradılmasını beşillik inkişaf planına daxil edib.







