22 C
Baku
Friday, May 24, 2024

Çin Prezidenti: “Sanksiyalar onları tətbiq edənlərə bumeranq effekti ilə zərər verir”

BRİKS (BRICS – Brasil, Russia, India, China, South Africa) Liderlər Zirvəsi öncəsi keçirilən biznes forumda çıxış edən Xi Jinping hegemonluğa can atmağın və bloklar arasında qarşıdurmanın sülh və təhlükəsizliyi təmin etmədiyini açıqlayıb. “Ukrayna böhranı dünyada hamı üçün yeni oyanış zəngidir. Bu (böhran) bizə xatırladır ki, hakimiyyət mövqeyində olmağa kor-koranə inam, başqalarının təhlükəsizliyi hesabına öz təhlükəsizliyini təmin etməyə çalışmaq təhlükəsizlik dilemmasından başqa heç bir nəticə verməyəcək” – Jinping deyib.

Böyük və inkişaf etmiş ölkələrin iqtisadi siyasətlərində məsuliyyətli davranmaları, izlədikləri siyasətlərin mənfi təsirlərinin və inkişaf etməkdə olan ölkələrə yüklədikləri ağır yükün fərqində olması lazım olduğuna diqqət çəkən Jinping sözlərinə belə davam edib: “Dəfələrlə sübut olunub ki, sanksiyalar hər iki ucu iti qılıncdır və onları tətbiq edənlərə bumeranq effekti ilə zərər verir. Beynəlxalq maliyyə və valyuta sistemlərindəki hökmranlıqlarından qlobal iqtisadiyyatı siyasiləşdirmək üçün istifadə etməyə çalışanlar, bunları rıçaq və silah kimi istifadə edənlər, nəticədə özlərinə və başqalarına zərər verər və bütün dünyaya fəlakət gətirərlər”.

Banker.az bu barədə Fransa Mətbuat Agentliyinə istinadən xəbər verir.

Maraqlıdır ki, Çin Prezidenti sanksiyalarla bağlı bu tənqidi fikirləri BRİKS qrupunun sammiti öncəsi səsləndirib. Çinin bəyanatının ABŞ-la yaşanan gərginlikdən sonra gəlməsi də diqqət çəkib.

Qeyd edək ki, BRİKS dünya əhalisinin 40%-indən çoxunu və dünya ümumi daxili məhsulunun təxminən dörddə birini təşkil edir. 3 BRİKS üzvü – Çin, Hindistan və Cənubi Afrika BMT-də Rusiyanın Ukraynaya hücumunu pisləyən səsvermədə bitərəf qalmışdı.

Müharibə başlayandan bəri Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verməkdən yayınan Jinping, son həftələrdə Putinlə telefon danışığında suverenlik və təhlükəsizlik məsələlərində Rusiyanı dəstəklədiklərini açıqlamışdı. Vaşinqton administrasiyası isə Çinin dəstəyinin onları “tarixin yanlış tərəfinə” qoyduğunu iddia etmişdi.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər