Çin Rusiyadan qızıl idxalını 8 dəfədən çox artırıb. Bildirilir ki, iyulda ölkəyə 108.8 milyon dollar dəyərində Rusiya qızılı idxal edilib ki, bu da iyun ayı ilə müqayisədə 8.6 dəfə (12.7 milyon dollar) və ötən ilin iyul ayından 50 dəfə çoxdur. Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
2022-ci ilin fevral ayına qədər Rusiya əsasən Böyük Britaniyaya qızıl göndərib – keçən il ərzində 15.2 milyard dollar və ya bütün tədarükün 84%-i. 2021-ci ildə təxminən 1 milyard dollarlıq qızıl İsveçrəyə göndərilib. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Almaniya, İtaliya və Hindistan isə Rusiyadan 320-340 milyon dollar qızıl alıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qərb ölkələri Rusiya külçələrini almaqdan imtina etdikdə, Rusiya Federasiyası qızıl ixracını digər ölkələrə – Çin və BƏƏ-yə yönləndirdi. Qeyd olunur ki, hazırda dünya spot bazarında qızılın bir unsiyasının qiyməti təxminən 1760 dollardır. Mütəxəssislərin fikrincə, nəzəri cəhətdən Rusiya qızılının alıcıları onu başqa ölkələrə sata bilərlər.