14 C
Baku
Çərşənbə, May 25, 2022

Çin sərt sanksiyalara hazırlaşır

Böyük Britaniyanın məşhur “The Guardian” nəşrinin yazdığına görə, Çin Qərbin sərt sanksiyalarına hazırlaşır.

Pekin hesab edir ki, Qərb ölkələri Rusiya ilə əməkdaşlığına görə Çinə qarşı sanksiyalar tətbiq edəcəklər. Pekin bu məqsədlə Çin iqtisadiyyatının sanksiyalara müqavimət gücünü öyrənməyə başlayıb. Nəşrin yazdığına görə, Çinin müvafiq dövlət strukturları ölkənin bank sistemindən tutmuş müxtəlif şirkətlərə qədər təftişlər həyata keçirirlər.

“Pekinin təftiş aparması həm də onunla əlaqədardır ki, Rusiya ilə əməkdaşlığa görə sanksiyalarla üzləşsələr, Qərbin təzyiqinə nə dərəcədə dözə biləcəklərini öyrənmək istəyirlər”- deyə, Bakıda mənzillənən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Bundan başqa öyrənmək istəyirlər ki, Rusiya ilə tərəfdaşlıq Çinə nə qədər zərər verə bilər. Digər “Financial Times” nəşrində yayımlanan məqalədə, Çin rəsmilərinin iri bank rəhbərləriylə geniş müşavirə keçirdiyini yazılıb.

Şahinoğlu deyir ki, narahatlıq üçün əsas var: “Çünki ABŞ rəsmiləri Pekinin dəfələrlə xəbərdar ediblər ki, Rusiya ilə əməkdaşlıqdan imtina etməsələr Vaşinqton Çinə qarşı sanksiyalar tətbiq edəcək. Pekin bu təhlükədən qurtulmaq istəyir. Ancaq Pekin tərəfdaşı Rusiya ilə əməkdaşlıqdan da vaz keçə bilmir. Doğrudur, Çin Rusiyadan neft alışını azaltmaq barədə düşünür, ancaq digər sahələrdə əməkdaşlıq davam edir. Çin rəsmiləri müxtəlif ekspertlərlə həm də ona görə görüşüb fikir mübadiləsi aparırlar ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların xarakteristikasını özləri üçün müəyyənləşdirə bilsinlər”.

Rusiya və Çin iqtisadiyyatları fərqlidir. Rusiya iqtisadiyyatı enerji daşıyıcılarının satışından asılıdır. Çin iqtisadiyyatı isə istehsal, ticarət və ixrac üzərində formalaşıb. Çinin Qərb ölkələri ilə ticarəti zəifləyərsə, məhsullarını ixrac etməkdə çətinliklərlə üzləşəcək, bu isə iqtisadiyyatın bütün sahələrinə mənfi təsir edəcək. Çin Rusiyadan fərqli olaraq dünya iqtisadiyyatına daha çox inteqrasiya olunub. Çinə qarşı sanksiyalar Qərb ölkələrinin özlərinə də mənfi təsir edəcək. Çinə qarşı sanksiyalar inflyasiyanın artımı, dolların kursunun aşağı düşməsi və məhsulların qiymətlərinin artımı ilə müşahidə olunacaq. Çinin SWIFT sistemindən uzaqlaşdırılmasının mənfi təsirləri hesablanmağa başlanıb.

“Pekin bu ehtimalı hesablayaraq paralel bank ödəmə sistemi üzərində çalışmalar həyata keçirir”- deyə E.Şahinoğlu deyib.

Son xəbərlər
Oxşar xəbərlər