“Bloomberg” ticarət məlumatlarına istinadən yazır ki, Çin səhm bazarı 2017-ci ildən bəri ən güclü nəticəni nümayiş etdirir. 2025-ci ilin əvvəlindən “MSCI China” indeksi təxminən 28% artıb. Dekabrın 30-u Bakı vaxtı ilə saat 11:23-ə olan məlumata görə indeks 8549,55 bənd təşkil edib (+0,75%). “Bloomberg”in qeyd etdiyi kimi, “MSCI China” cari ili 2017-ci ildən bəri S&P 500 indeksindən rekord dərəcədə böyük fərqlə başa vura bilər. Müqayisə üçün, dekabrın 29-da keçirilən ticarətin yekununa əsasən, ABŞ indeksi 6905,74 bənd olub (-0,4%).
“Buğa” bazarı — yəni 20%-dən çox artımla xarakterizə olunan mərhələ — texnologiya sektorundan başlayaraq qızıl hasilatı, farmasevtika və digər sahələr daxil olmaqla geniş emitent dairəsinə yayılıb. Artıma həm qlobal trendlər, həm də Çinə xas amillər, o cümlədən innovasiyalar və oyun sənayesi təsir göstərib. Autsayderlər sırasında isə tikinti şirkətləri və kommunal xidmətlər sektoru yer alıb ki, bu da “Bloomberg”in yazdığına görə, Çində daşınmaz əmlak sahəsində dərin köklü problemləri və deflyasiya təzyiqlərini aydın şəkildə xatırladır.
Subindekslər arasında lider mədən şirkətlərini əhatə edən “MSCI China Materials” olub. 2025-ci ilin əvvəlindən bu indeks təxminən 108% artıb və illik nəticə onun üçün 2003-cü ildən bəri ən yaxşı göstərici olacaq. Səhiyyə sektoru üzrə subindeks isə təxminən 50% yüksəlib. O, Çin farmasevtik şirkətlərinin qlobal dərman istehsalçıları ilə bağladıqları lisenziya sazişləri fonunda dörd il davam edən tənəzzüldən çıxıb. Məsələn, Çinin “3SBio” şirkəti “Pfizer” ilə eksperimental onkoloji preparatın hazırlanması üzrə razılaşma imzalayıb və nəticədə şirkətin səhmləri il ərzində 300% artıb.
“MSCI China Communication Services” subindeksi 40%-dən çox yüksələrək 2007-ci ildən bəri ən yaxşı nəticəsini göstərib. Əmək bazarındakı çətinliklər və gəlirlərin zəif artımı bir çox çinlilərin səyahətlərə daha az pul xərcləməsinə və evdə istirahətə üstünlük verməsinə səbəb olub. Kommunal xidmətlər subindeksi ilin əvvəlindən demək olar ki, dəyişməyib, daşınmaz əmlak sektoru isə cəmi 1,4% kimi zəif artım göstərib.
“Janus Henderson” şirkətinin portfel meneceri Oliver Blekkbornun fikrincə, 2026-cı ildə süni intellekt mövzusu fond bazarının ayrı-ayrı sektorlarında artımı dəstəkləyə bilər. Lakin genişmiqyaslı rallinin daha ehtimal olunan katalizatoru yeni stimullaşdırıcı tədbirlərin elan edilməsi ola bilər. Onun qənaətinə görə, ən effektiv addımlar mənzil bazarındakı problemlərin həllinə və ya istehlak xərclərinin stimullaşdırılmasına yönəlmiş planlar olardı.







