Pekin və Vaşinqton bir-birinin mallarına idxal rüsumlarının müvəqqəti azaldılmasını elan etdikdən sonra Çin səhmləri kəskin yüksəlib, bu barədə “Bloomberg” yazır. Agentliyin qeyd etdiyi kimi, bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsinin eskalasiyasının qarşısını almaq şansının ən bariz əlamətidir.
Honq-Konqda Çin səhmlərini izləyən “Hang Seng China Enterprises Index” 3.01 faiz artaraq 8559.23 bənd olub. Honq-Konq Fond Birjasının daha geniş göstərici indeksi olan “Hang Seng” isə 2.98 faiz artaraq 23 549.46-ya yüksəlib. Çinin əsas fond indeksi olan “CSI 300” 1.16 faiz artaraq 3890.61 bənd olub.
İsveçrədə keçirilən görüşdən sonra ABŞ və Çin nümayəndələri idxal rüsumlarını 90 gün müddətinə azaltmaq barədə razılığa gəliblər. ABŞ Çinə rüsumları 145%-dən 30%-ə, Çin ABŞ-yə isə 125%-dən 10%-ə endirəcək. Bu, dönüş nöqtəsidir və hər iki tərəfin konstruktiv dialoqa hazır olduğunu göstərir.