Çin səhmləri iyunun 11-də Londonda iki gün davam edən ABŞ-Çin danışıqları fonunda ticarət sessiyası zamanı bahalaşıb. “Bloomberg” agentliyi qeyd edir ki, dünyanın iki ən böyük iqtisadiyyatı ticarət gərginliyini azaltmaq üçün ilkin razılaşmalar əldə edib.
“Bloomberg” xəbər verir ki, Çinin materik hissəsində səhmlərin əsas indeksi olan “CSI 300” çərşənbə günü 0.8% artaraq 3 894.6-ya çatıb ki, bu da son bir ayda bir ticarət sessiyasında maksimum olub.
Honq-Konqda Çin səhmlərini izləyən “Hang Seng China Enterprises Index” 1.1% artaraq 8 865.7-ə yüksəlib. Bu, 2025-ci ilin martından bəri ən yüksək göstəricidir. Hər iki indeks iyunun 11-də Asiyada ən yaxşı göstəricilər nümayiş etdirib.
Xatırladaq ki, mayın 12-də ABŞ və Çin 90 gün müddətinə qarşılıqlı rüsumları azaltmaq barədə razılığa gəliblər. Pekin Amerika mallarına rüsumları 125%-dən 10%-ə, Vaşinqton Çin mallarına rüsumları 145%-dən 30%-ə endirəcək. Bundan sonra tərəflərin iqtisadi-ticarət əlaqələrinin müzakirəsi mexanizminin yaradılacağı dəqiqləşdirilib.