18 C
Baku
Saturday, November 2, 2024

Çin şirkətləri Avropadakı işlərindən narahatdır

Avropa İttifaqı (Aİ) ölkələrində fəaliyyət göstərən Çin şirkətləri Avropada Çinlə iqtisadi əlaqələri kəsmək çağırışlarının artması və ticarət proteksionizmi (idxal olunan mallara görə tariflər, idxal kvotaları və başqa bir sıra dövlət tənzimləmələri ilə digər ölkələrdən idxalın məhdudlaşdırılmasına yönəlmiş iqtisadi siyasət) tendensiyalarından narahat olduqlarını bildiriblər.

Banker.az xəbər verir ki, Aİ-Çin Ticarət Palatasının dərc etdiyi hesabatda biznes mühitinə inamın son 3 ildə azaldığına diqqət çəkilib. Avropada fəaliyyət göstərən 150 Çin şirkəti ilə aparılan sorğunun nəticələrinin yer aldığı hesabata görə, iştirakçıların 53%-i 2021-ci ilin son 6 ayı və 2022-ci ilin ilk 6 ayında biznes mühitinin pisləşdiyi barədə fikir bildirib.

Şirkətlərin 38%-i “düşmənçiliyin hökm sürdüyü siyasi mühitin onların biznes fəaliyyətlərinə mənfi təsir etdiyini” bildirib. Şirkətlərin 80%-i “geosiyasi dinamika”, “COVID-19 epidemiyası” və “təchizat zəncirlərindəki kəsilmələr”in mənfi təsirindən şikayətlənib.

Aİ-nin yüksək texnologiya və informasiya texnologiyaları sektorlarında xarici investisiyalar üzərində nəzarət və maneələri artırdığına diqqət çəkən hesabatda deyilir:”Yüksək texnologiya və telekommunikasiya sektorlarında hörülən divar Avropada fəaliyyət göstərən Çin müəssisələrinin işini çətinləşdirir”. Birtərəfli sanksiyaların texnologiya sahəsində “iqtisadi əlaqələrin qırılmasına” və “beynəlxalq standartların pozulmasına” səbəb ola biləcəyi vurğulanaraq qeyd edilir: “Avropada bəziləri deyir ki, Aİ “həmfikir ölkələr”lə irəliləməlidir. Bu cür ritorika yalnız tədarük və dəyər zəncirlərində qırılma riskini artıracaq. Çin şirkətləri arzu edirlər ki, belə bir risk baş verməsin. Ümid edirik ki, xərcləri artırıb məhsuldarlığı azaldacaq bu cür addımlar atılmayacaq”.

Qeyd edək ki, Aİ son dövrlərdə strateji əhəmiyyətli yüksək texnologiya və informatika sektorlarında Çinin artan təsirinə qarşı xarici investisiyalara nəzarətin gücləndirilməsi və asılılıq əlaqələrini azaltmağa yönəlmiş tədbirlərə yönəlib.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər