15 C
Baku
Saturday, April 27, 2024

Çin-Tayvan münasibətləri: görünən və görünməyən tərəfləri

Müəllif: Elman Sadıqov
İqtisadçı-ekspert


Bu məqalə öncəki “ABŞ-Çin münasibətləri: görünən və görünməyən tərəfləri” sərlüvhəli məqalənin ardıdır. Həmin məqalədə Çinin iqtisadi keçmişinə qısa nəzər salmış, bu gün Çinin formalaşmaqda olan iqtisadi siyasətinə təsir edən köklü iqtisadi və psixoloji məsələlərə, ABŞ və Çin iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarına toxunmuşduq. Bu dəfə isə Çin – Tayvan münasibətləri, Tayvan iqtisadiyyatı və Tayvanın Çin, ABŞ və dünya üçün əhəmiyyətinə, Çinin Tayvana müdaxilə ehtimalları və bu baş verərsə mümkün nəticələrinə toxunmağa çalışacağıq. Bir haşiyə çıxım ki, qlobal iqtisadiyyatda baş vermiş, hazırda baş verməkdə olan və yaxın gələcəkdə baş verəcək hadisələrin hər bir ölkəyə, o cümlədən Azərbaycana birbaşa və dolayı təsirləri düşündüyümüzdən dəfələrlə yüksəkdir. Suriya, Brexit, pandemiya, qlobal inflyasiya, Rusiya-Ukrayna müharibəsini xatırlamaq kifayətdir. Bu siyahıya Çin-Tayvan münaqişəsini də aşağıdakı səbəblərdən əlavə etmək doğru olar.

1912-ci ildə Çin Respublikası elan olundu və həmin təkpartiyalı respublikanı idarə edən Gomindan adlı partiya idi. 1921-ci ildə yaranmış Çin Kommunist Partiyası tədricən öz mövqelərini gücləndirir və 1945-1950-ci illərdə ölkədə 2 partiyanın tərəfdarları arasında vətəndaş müharibəsi baş verir. Həmin vətəndaş müharibəsində məğlubiyyətə uğramaqda olan Gomindan partiyasının rəhbərləri və tərəfdarlarının bir hissəsi 1949-cu ildə Tayvan adasına qaçaraq orada Çin Respublikasını elan edirlər. Mao Zedonqun başçılığı altında Çin Kommunist Partiyası isə 1949-cu ildə Çin Xalq Respublikasının qurulduğunu elan edir. Beləliklə Tayvanda 1912-ci ildə Çin Respublikasını qurmuş Gomindan Partiyasının başçılığı ilə Çin Respublikası, Çində isə Kommunist Partiyasının rəhbərliyi altında Çin Xalq Respublikası elan olunur. Tayvan hökuməti əslində əsl legitim Çin Respublikasının onların özlərinin olduqlarını indi də müdafiə etməkdədir. Əslində dünya ictimaiyyəti də Tayvanı 1949-cu ildən sonra Çini təmsil edən yeganə dövlət kimi tanıyırdı. Bəlkə də bir çoxlarının bilmədiyi maraqlı faktlardan biri budur ki, məhz Tayvan 1949-cu ildə BMT-nin təsisçilərindən biri olmuş və 5 daimi üzvdən biri kimi seçilmişdir. Lakin, Çinin getdikcə güclənməsi, SSRİ və kommunist partiyasının nüfuzunun dünyada artması, ABŞ-ın Koreya və Vyetnam müharibələri nəticəsində regionda təsirinin nisbətən azalması və digər amillər səbəbindən bu günki Çinin dünya dövlətləri tərəfindən tanınması artmış, Tayvan öz mövqeyini tədricən itirmiş və nəhayət Çin Xalq Respublikası 1971-ci ildə dünya dövlətləri və ABŞ tərəfindən tanınmış (Henry Kissincer`in Çin səfərləri və bu istiqamətdə rolu ilə bağlı 6 il öncəki məqaləm internetdə mövcuddur) və Tayvan BMT-dəki yerini Çinə təhvil vermişdir. Bundan sonra Çin siyasi müstəvidə ön plana, Tayvan isə arxa plana keçir. Lakin iqtisadi sahədə eyni fikirləri söyləmək çətindir. ABŞ-ın və müttəfiqlərinin Tayvana vaxtaşırı güclənən və genişlənən dəstəyi ilə Tayvan özünə güclü müdafiə sistemi olan ordu və müasir texnologiyaların mərkəzi olduğu iqtisadiyyat qurur. Tayvanda olan çinlilərin rifahı Çində yaşayan çinlilərin rifahından yüksəkdir və Çindən fərqli olaraq Tayvanda gəlirlərin bölüşdürülməsi daha yüksək diversifikasiyaya malikdir və ölkənin hər yerində əhalinin gəlirləri arasında kəskin uçurum yoxdur.

Ərazisi 36.2 min kvadrat kilometr olan Tayvanın 23.2 milyon nəfər əhalisi vardır. 2021-ci ildə nominal ümumdaxili məhsulu (ÜDM) 789.5 milyard ABŞ dolları ilə dünyada 21-ci yeri (adambaşına 33,775 ABŞ dolları olmaqla bu göstərici üzrə dünyada 31-ci yeri), dolların alıcılıq qabiliyyətinə görə isə 1 trilyon 462 milyard ABŞ dolları ilə dünyada 19-cu yeri (adambaşına 62,527 ABŞ dolları ilə 13-cü yeri) tutmaqdadır. Bu göstəricilər ilbəil yaxşılaşmaqdadır və 2022-ci ilin nəticələrinə görə (2022-ci ildə nominal ÜDM-nin 850 milyard, dolların alıcılıq qabiliyyətinə görə isə 1.5 trilyon ABŞ dolları olacağı proqnozlaşdırılır) daha 1-2 pillə irəliləmə ehtimalı yüksəkdir. Bu məqalənin 1-ci hissəsində isə Çinin müvafiq göstəricilərini qeyd etdiyim üçün təkrara yol vermədən nəticəni qeyd etmək yerinə düşər ki, adambaşına düşən ÜDM-yə görə Tayvan Çindən fərqli olaraq inkişaf etmiş ölkələr siyahısındadır və adambaşına düşən gəlir, inkişaf indikatorları, biznes mühiti, təhsil və rifah səviyyələri Çindən dəfələrlə yüksəkdir.

2022-ci ilin may ayında Tayvanda inflyasiya göstəricisi illik 3.39% (bu göstəricini yüksək hesab edirlər), işsizlik səviyyəsi isə 3.68% olmuşdur. ÜDM-nin 62.1%-ni xidmət, 36%-ni sənaye, 1.9%-ni isə kənd təsərrüfatı təşkil edir. 2022-ci ildə illik 500 milyard dollarlıq ixraca, 300 milyard dollarlıq idxala malik olacağı proqnozlaşdırılır. Tayvan 550 milyard dollarlıq valyuta ehtiyatları ilə Çin, Yaponiya və İsveçrədən sonra 4-cü yeri tutur. Tayvanın xarici borcunun nominal ÜDM-yə nisbəti cəmi 27.6%-dir. Önəmli bir faktı vurğulayım ki, bir neçə il ərzində Çin, Tayvan, Yaponiya, Honk-Konq, Cənubi Koreya və digər 5 Cənub-Şərqi Asiya ölkəsinin iqtisadiyyatlarını araşdırarkən statistik göstəricilərin dəqiqliyi və şəffaflığı baxımından Çin həmin regionda Filippin, Kamboca, Laos və Vyetnamla müqayisədə daha yaxşı hesab oluna bilər. Lakin, Tayvanın iqtisadi göstəricilərinin statistikasının dəqiqliyi və şəffaflığı Yaponiya, ABŞ və inkişaf etmiş Avropa ölkələri ilə müqayisə oluna bilər. Tayvan iqtisadiyyatı bu baxımdan öyrənilməsi və təhlili Çinə nisbətən (Çin iqtisadiyyatının böyüklüyü və mürəkkəbliyi başqa mövzudur) daha rahatdır, nəticə və rəqəmlər daha şəffaf və dəqiqdir.

Tayvanı önəmli edən amillər hansılardır?  

Ən birinci amil odur ki, Tayvan dünya iqtisadiyyatı üçün sistem riski yarada biləcək 10 ölkədən (ABŞ, Çin, Yaponiya, Almaniya və sair kimi ölkələrdən) biridir. Yəni, Tayvanda böhran olarsa, bu böhran qlobal böhrana səbəb ola bilər. Bu da Tayvanın yarımkeçiricilər, tranzistorlar, əl kompüterləri üçün parçalar sahəsində aparıcı rola malik olan 4 ölkədən (ABŞ, Yaponiya, Cənubi Koreya ilə birlikdə) biri olmasıdır. Məhz bu sahədə Çin Tayvandan geri qalır və özünün bu yüksək texnologiyalara tələbatının təxminən 50%-ni Tayvandan idxal etməklə ödəyir. Yəni, Tayvan iqtisadiyyatı çökərsə, dağılarsa, hər hansı böhran olarsa Çin başda olmaqla dünyada çip, diod, led, əl kompüterləri, kosmik aparatlar, televizor və sair texnoloji məhsulların istehsalı düşər, çatışmazlıqlar yaranar, qiymətlər artar. Domino effekti ilə iqtisadiyyatın bütün sahələri zərər görər. Məsələn, çip çatışmazlığı nəticəsində avtomobil sənayesi başda olmaqla bir çox sənaye sahələrində ciddi böhranlar başlayar (pandemiya dövründə qapanmalar nəticəsində yaranan çip çatışmazlığı səbəbindən bir çox məşhur avtomobil istehsalçıları avtomobil istehsallarını aşağı salmağa məcbur oldular ki, bu da dünya avtomobil bazarında hiss olunmaqdadır). Bu səbəbdən əhalisi və ərazisinin, ordusunun isə (az sonra bu məsələyə toxunacağıq) Çin ordusu ilə müqayisədə 10 dəfədən çox kiçik olmasına baxmayaraq, Çin Tayvana qarşı kəskin addımlar atmaqdan çəkinir. Çünki, Tayvanı Çin üçün ölçüsü kiçik, dağıdıcılıq gücü çox böyük olan minaya bənzətmək daha doğru olar. Çin kənardan aqressiyalar nümayiş etdirsə də bu minaya ayaq basmağa həm də məhz özü üçün ciddi nəticələr verəcəyi səbəbindən çəkinir. Burada önəmli amillərdən biri də 23 milyonluq Tayvan əhalisinin məhz Çinli olmasıdır və əslində Çini məhz onların təmsil etmə haqlarını hələ də iddia etmələridir.

Digər bir məsələ Tayvanın yerləşdiyi yerlə bağlıdır. Tayvan həm ABŞ, həm də Yaponiya tərəfindən ona görə dəstəklənir ki, Çinin Yaponiyaya qarşı genişlənməsi, aqressiyası üçün bir bufer və istinad nöqtəsi rolunu oynayır.

22Xəritədən göründüyü kimi Tayvan adadır və Çinlə quru sərhəddi yoxdur. Bu da Çinin Tayvana müdaxiləsini çətinləşdirən birinci amildir. İkinci amil, Tayvanda ABŞ və müttəfiqlərinin birbaşa yardımı ilə formalaşmış yüksək texnologiyaların tətbiq olunduğu güclü müdafiə sistemidir. Hesablamalara görə Çin Tayvana hücum edərsə əvvəl-axır Tayvanı zəbt edə bilər. Amma bədəli ən azı 100 mindən çox tələfat, embarqo və özünün iqtisadiyyatında ciddi böhran və dağılma təhlükəsi, dünyadan təcrid olunma riskidir. Rusiya-Ukrayna müharibəsini xatırlayaq. Nəticədə bütün dünya iqtisadiyyatı zərər görər. Amma bu zərərin əsas günahkarı Çin elan olunaraq təzminat və bədəlini məhz Çinə ödədərlər. (Ukrayna taxılının xaricə çıxarılması ilə bağlı danışıqlar başlayanda məqalələrimin birində Rusiyanın buna əvvəl-axır razı olacağını, dünyada yarana biləcək ərzaq böhranının tək və yeganə səbəbkarı olmaq kimi ağır bir yükün və məsuliyyətin altında qalmağın nə olduğunu dərk etdiyini, bu riskli məsələdə səbəbkar olmayacağı ilə bağlı dəfələrlə mesaj verəcəyini qeyd etmişdim. Eyni fikirləri də Çin haqqında söyləmək olar).

Nəticə olaraq, bir daha təkrar etmək istərdim ki, Pelosinin səfəri ilə Çinin xarizması cızılmışdır. Əslində Çinin əvvəldən bu səfərə sərt və iddialı reaksiya verməməsi daha məntiqli olardı. Lakin, bu baş verdi və Çin cızılmış xarizmasını nisbətən bərpa etmək üçün müəyyən müddət gərginlik yaratmaqda davam edəcək. Minanın ətrafında var-gəl edəcək, lakin həmin minaya toxunmamağa da diqqət göstərəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər