Çin Tayvana silah satışı və hərbi yardıma görə Amerikanın yeddi hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib. Çin Xarici İşlər Nazirliyinin saytında bildirilir ki, Tayvana silah satışı “vahid Çin” prinsipini pozur.
Məhdudiyyətlər siyahısına “Aerkomm”, “Insitu”, “Hudson Technologies”, “Raytheon Australia”, “Oceaneering International”, “Saronic Technologies” və “Raytheon Canada” daxildir. Çindəki şirkətlərin bütün aktivləri dondurulacaq, Çin təşkilatları və fiziki şəxslərin onlarla iş aparması qadağan ediləcək. Tədbirlər dekabrın 27-dən qüvvəyə minəcək.
Ötən həftə Çin Co Baydenin Tayvana hərbi yardım etmək qərarına görə ABŞ-yə etiraz edib. Çin Xarici İşlər Nazirliyi ABŞ-nin yardımının ÇXR-in suverenliyini və təhlükəsizliyini təhdid etdiyini bəyan edib.