Çin rəsmiləri ABŞ-da “TikTok”un məcburi satışının qarşısını alacaqlarına söz veriblər.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, “ByteDance” rəsmi orqanlardan siqnallar alıb ki, Pekin ABŞ-da sosial şəbəkənin qadağan edilməsini ən əlverişli variant hesab edir.
Bu, Çin şirkətini ümidsiz vəziyyətdə qoyub. Belə ki, martın 13-də Amerika Konqresinin Nümayəndələr Palatası “TikTok”un satışını, satışı mümkün olmasa qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Layihə Senata göndərilib, ABŞ prezidenti Cozef Bayden sənəd qəbul ediləcəyi təqdirdə onu imzalayacağına söz verib.
Bu həftə Çinin Ticarət Nazirliyi ABŞ-dan “TikTok”a əsassız təzyiq göstərməyi dayandırmağı tələb edib, Çin qanunlarına və qaydalarına ciddi şəkildə əməl etməli olduğunu söyləyib.
ABŞ-ın keçmiş maliyyə naziri, hazırda “Liberty Strategic Capital” özəl investisiya şirkətinə rəhbərlik edən Stiven Mnuçin investorlar konsorsiumunu toplayaraq “TikTok”u almağa hazır olduğunu açıqlayıb.
“WSJ”in məlumatına görə, əgər sövdələşmə baş tutsa, onun dəyəri 100 milyard dollardan az olmayacaq. “TikTok”un ABŞ-dakı gəliri 2023-cü ildə təxminən 20 milyard dollar təşkil edib.