Çin valyutasının zəifləməsinin Azərbaycana ziyan tərəfi – analitika

ABŞ və Çin arasında davam edən ticarət müharibəsi fonunda Çinin milli valyutası – yuan digər xarici valyutalar, o cümlədən ABŞ dolları qarşısında ucuzlaşmaqda davam edir. Hazırda “Bloomberg” ticarət platformasında CNY/USD nisbəti 6,93-ə yaxındır.

Rəsmi Pekin yuanı ucuzlaşdırmaqla ABŞ-ın Çin mallarının idxalına tətbiq etdiyi gömrük rüsumlarının təsirini azaltmağa, bu ölkə ilə xarici ticarət balansındakı kəsiri azaltmağa çalışır. Banker.az bildirir ki, bunu Report-un analitika qrupu belə hesab edir.

Bununla belə, Çinin valyuta siyasəti Azərbaycanla idxal-ixrac əməliyyatlarına da təsir edə bilər. Qeyd edək ki, hazırda CNY/AZN nisbəti 4,07-yə barabərdir. Halbuki, ilin əvvəlində 3,83 olub. Yuanın manat qarşısında ucuzlaşması Azərbaycandan Çinə qeyri-neft məhsullarının (məsələn, şərab) ixracını zəiflədə bilər.

Azərbaycana Çindən idxalın güclənməsi isə gözlənilmir. Məsələ ondadır ki, qonşu ölkələrin – Türkiyə, Rusiya və İranın milli valyutaları yuanla müqayisədə daha kəskin dəyərdən düşüb. Bu isə Azərbaycanın idxal üçün Çinə deyil, elə qonşularına üz tutmasını stimullaşdırır.