Çin hökuməti ölkənin yarımkeçirici sənayesinin inkişafına 1 trilyon yuan (143 milyard dollar) investisiya qoymaq niyyətindədir, bu barədə “Reuters” yazıb. Məlumata görə, bu vəsait növbəti beş il ərzində, əsasən vergi güzəştləri və subsidiyalar şəklində ayrılacaq. Qeyd edək ki, bu, ÇXR hakimiyyəti tərəfindən indiyə qədər verilmiş ən böyük stimul paketlərindən biri olacaq.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Agentliyin məlumatına görə, Çin hökuməti sənayenin inkişafını ölkənin iqtisadi rifahının sütunlarından biri hesab etdiyi üçün belə əhəmiyyətli xərclərə gedib. Kütləvi vergi güzəştləri verməklə hakimiyyət yarımkeçirici çatışmazlığını aradan qaldırmağa və ABŞ-dan texnoloji müstəqilliyi təmin etməyə ümid edir.
Reuters mənbələrinin bildirdiyinə görə, yardımın böyük hissəsi Çin firmalarının yerli yarımkeçirici avadanlıqların satın alınmasını subsidiyalaşdırmaq üçün istifadə olunacaq. Mənbələr bildirir ki, subsidiya 20% təşkil edəcək.
Proqramın rəsmi işə salınması 2023-cü ilin birinci rübündə elan edilməlidir.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti ölkənin yarımkeçirici sənayesinə 52.7 milyard dollar qrant və 24 milyard dollar vergi güzəştlərinin ayrılması haqqında qanun imzalayıb.