6 C
Baku
Sunday, December 15, 2024

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 565-VQD nömrəli, 14 aprel tarixli 588-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.0.7-ci maddədə “Qanunun 9-12-ci maddələrində” sözləri “Qanunda” sözü ilə əvəz edilsin;

1.2. 1.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.8. monitorinqdə iştirak edən digər şəxslər – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları, vəkillər, notariuslar, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslərdir;”;

1.3. 1.0.9-cu maddədən “9-12-ci maddələrinin” sözləri çıxarılsın;

1.4. 1.0.10-cu maddədən “hüquqi şəxs olan” sözləri çıxarılsın;

1.5. 1.0.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.12. benefisiar mülkiyyətçi – pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir;”;

1.6. 1.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.18-ci maddə əlavə edilsin:

“1.0.18. işgüzar münasibətlər – monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin peşəkar fəaliyyətinin həyata keçirilməsi zamanı öz müştəriləri ilə formalaşdırdıqları, tərəflərin qarşılıqlı hüquq və vəzifələrinə əsaslanan, birdəfəlik xarakter daşımayan peşəkar münasibətlərdir;”.

2. 3.0.2-ci maddədən “hüquqi şəxs olan” sözləri çıxarılsın.

3. 4.0.8-ci, 4.0.10-cu və 4.0.11-ci maddələr ləğv edilsin.

4. 5-ci maddə üzrə:

4.1. 5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5.1. Monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 9-11-ci və 12-1-ci maddələrinin tələbləri aşağıdakı qaydada tətbiq olunur:

5.1.1. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları bu Qanunun 9.2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğdə nağd əməliyyatlar apardıqda;

5.1.2. daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatları həyata keçirdikdə;

5.1.3. notariuslar, vəkillər, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər aşağıdakı əməliyyatları həyata keçirdikdə:

5.1.3.1. daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar;

5.1.3.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;

5.1.3.3. müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar;

5.1.3.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar.”;

4.2. 5.2-ci maddədə “vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən” sözləri “monitorinqdə iştirak edən digər” sözləri ilə əvəz edilsin;

4.3. 5.4-cü maddədə “Hüquqi şəxs olan monitorinqdə” sözləri “Monitorinqdə” sözü ilə əvəz edilsin.

5. 6-cı maddə üzrə:

5.1. 6.1.1-ci maddədə “lotereya təşkilatçısı” sözləri “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri ilə əvəz edilsin;

5.2. 6.1.6-cı maddədə “və hüquqi xidmət” sözləri “, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri” sözləri ilə əvəz edilsin;

5.3. 6.3-cü maddədən “9 – 12-ci maddələrinin” sözləri çıxarılsın.

6. 7.5-ci maddə üzrə:

6.1. birinci və ikinci cümlələrdə “iştirakçılarının” sözündən sonra “və monitorinqdə iştirak edən digər şəxslərin” sözləri əlavə edilsin;

6.2. ikinci cümlədə “iştirakçıları” sözündən sonra “və monitorinqdə iştirak edən digər şəxslər” sözləri əlavə edilsin;

7. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.”.

8. 9-cu maddə üzrə:

8.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 9. Eyniləşdirmə və verifikasiya tədbirləri”.

8.2. 9.2-ci maddədə “benefisiarın eyniləşdirilməsi” sözləri “benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası” sözləri ilə əvəz edilsin;

8.3. 9.2.5-ci maddədə “benefisiarla” sözü “benefisiar mülkiyyətçi ilə” sözləri ilə, “olmadığı aşkarlandıqda” sözləri “olmadığına dair şübhələr olduqda” sözləri ilə əvəz edilsin;

8.4. 9.3-cü maddədə “benefisiarın eyniləşdirilməsi” sözləri “benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası” sözləri ilə əvəz edilsin;

8.5. 9.8-ci maddənin birinci cümləsində və 9.14.3-cü maddədə “benefisiar” sözündən sonra “mülkiyyətçi” sözü əlavə edilsin;

8.6. 9.15-ci maddə üzrə:

8.6.1. “benefisiar” sözü “benefisiar mülkiyyətçi” sözləri ilə, “benefisiarla” sözü “benefisiar mülkiyyətçi ilə” sözləri ilə əvəz edilsin;

8.6.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İşgüzar münasibətlər yaradıldıqdan sonra müştəri və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilmirsə, müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr varsa, habelə müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün deyildirsə, monitorinq iştirakçıları işgüzar münasibətlərə xitam verməli və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.”;

8.7. 9.17-ci maddədə “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin.

8.8. 9.19-cu maddədə “benefisiara” sözü “benefisiar mülkiyyətçiyə” sözləri ilə əvəz edilsin.

9. 9-1-ci maddə üzrə:

9.1. 9-1.1-ci və 9-1.2-ci maddələrdə “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin;

9.2. 9-1.3-cü maddədə “benefisiarların” sözü “benefisiar mülkiyyətçilərin” sözləri ilə əvəz edilsin;

9.3. aşağıdakı məzmunda 9-1.4-cü maddə əlavə edilsin:

“9-1.4. Monitorinq iştirakçıları xarici dövlətlərin siyasi xadimləri ilə davam edən işgüzar münasibətləri mütəmadi olaraq nəzarətdə saxlamalı, eyniləşdirmə və verifikasiya sənədlərinin vaxtaşırı yeniləşdirilməsi üçün tədbirlər görməlidirlər.”.

10. 9-2-ci maddənin ikinci cümləsinə “maliyyə monitorinqi orqanına” sözlərindən sonra “, auditora, cinayət təqibini həyata keçirən orqanlara” sözləri əlavə edilsin.

11. 10-cu maddə üzrə:

11.1. maddənin adına “Eyniləşdirmə” sözündən sonra “və verifikasiya” sözləri əlavə edilsin;

11.2. 10.1.1-ci və 10.1.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“10.1.1. müştərinin, benefisiar mülkiyyətçinin və ya səlahiyyətli nümayəndənin eyniləşdirilməsi və verifikasiyası zamanı əldə olunmuş bütün məlumatlar və sənədlər, işgüzar yazışmalar və hesabın rəsmiləşdirilməsi üçün digər sənədlər – müştərinin hesabının bağlanılmasından və ya müştəri ilə hüquqi münasibətlərə xitam verildikdən sonra ən azı beş il;

10.1.2. məbləğ və valyuta növü də daxil olmaqla, hər hansı bir fərdi əməliyyatın yenidən bərpa edilməsinə imkan verəcək həcmdə, müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla ölkədaxili və ya beynəlxalq əməliyyatlara dair məlumatlar və sənədlər – əməliyyat başa çatdıqdan sonra ən azı beş il;”;

11.3. aşağıdakı məzmunda 10.1.3-cü maddə əlavə edilsin:

“10.1.3. qeyri-adi əməliyyatların təyinatının və mahiyyətinin aydınlaşdırılması üçün aparılmış təhlilin nəticələri də daxil olmaqla, bu Qanunun 9-2-ci maddəsində nəzərdə tutulan əməliyyatlara dair sənədlər və məlumatlar – müştəri ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il.”.

12. 11-ci maddə üzrə:

12.1. 11.1.5-ci maddədə “benefisiar” sözü “benefisiar mülkiyyətçi” sözləri ilə əvəz edilsin;

12.2. 11.3-cü maddədə “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin;

12.3. 11.6-cı maddənin ikinci cümləsinə “Monitorinq iştirakçılarından” sözlərindən sonra “və monitorinqdə iştirak edən digər şəxslərdən” sözləri əlavə edilsin.

13. 12-ci maddə üzrə:

13.1. maddənin adında, 12.1-ci, 12.2-ci və 12.3-cü maddələrində “Hüquqi şəxs olan monitorinq” sözləri “Monitorinq” sözü ilə əvəz edilsin;

13.2. aşağıdakı məzmunda 12.1.1-1-ci maddə əlavə edilsin:

“12.1.1-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi;”;

13.3. 12.1.2-ci maddədə “benefisiarların” sözü “benefisiar mülkiyyətçilərin” sözləri ilə, “benefisiarın” sözü isə “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin;

13.4. 12.1.6-cı maddə ləğv edilsin;

13.5. 12.1.8-ci maddədən “hüquqi şəxs olan” sözləri çıxarılsın;

13.6. 12.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“12.4. Daxili nəzarət sistemi çərçivəsində tətbiq olunan tədbirlərin növü və həddi monitorinq iştirakçılarının fəaliyyətinin xarakterinə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə uyğun olmalıdır.”.

14. 14-cü maddədə “onların əməkdaşları” sözləri “onların əmək və ya digər mülki hüquqi müqavilələr əsasında işləyən əməkdaşları” sözləri ilə əvəz edilsin.

15. 15-ci maddədə “benefisiar” sözü “benefisiar mülkiyyətçi” sözləri ilə əvəz edilsin.

16. 16.1-ci maddədə “11.1-ci maddəsində göstərilən məlumatların maliyyə monitorinqi orqanına” sözləri “9-2-ci və 11.1-ci maddələrində göstərilən məlumatların maliyyə monitorinqi orqanına, 9-2-ci maddəsində göstərilən məlumatların isə nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı nəzarət orqanlarına” sözləri ilə əvəz edilsin.

17. 17.8-ci maddədə “limitinə, bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin və bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulan şəxslərin siyahısına” sözləri “ümumi məbləğinin minimal həddinə” sözləri ilə əvəz edilsin.

18. 20.1-ci maddəyə “maliyyələşdirilməsi,” sözündən sonra “nəzarət tədbirlərinin həyata keçirilməsi,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il.

Son xəbərlər
Digər xəbərlər