Azərbaycan Çin Xalq Respublikasında fəaliyyət göstərən ticarət evlərinin sayını artırır.
Banker.az bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
“Mayın 15-də Çinin Nankin şəhərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə Çinin bu şəhərində ilk Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Tsindao, Kançatsie, Sian, Çendu və Pekin kimi şəhərlərində ticarət evləri, həmçinin Şanxay, Harbin, Tsinan və Uhanda 4 ticarət obyekti fəaliyyət göstərir.
Bundan başqa, Urumçi və Şanxayda Azərbaycan məhsullarının satıldığı üç şərab ticarəti evi fəaliyyət göstərir.