İyulda Çində 16-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi 17.1%-ə çatıb. Bu, ilin əvvəlindən bəri ən yüksək göstəricidir və iyun ayı ilə müqayisədə xeyli yüksəkdir. Bu barədə “Reuters” agentliyi Çin Milli Statistika Bürosunun məlumatlarına istinadən məlumat yayıb.
Bu yaş kateqoriyasında işsizlik rekordu 2023-cü ilin iyununda qeydə alınıb, o zaman bu rəqəm 21.3%-ə çatıb. Bundan sonra Çin hakimiyyəti bu cür məlumatların dərcini dayandırmaq qərarına gəlib və bu qrupdan tələbələri xaric etməklə hesablama metodologiyasına düzəliş edib.
İyun ayında Çində 12 milyona yaxın insan universitetləri bitirib. Onlar əmək bazarına daxil olaraq, məşğulluqla vağlı vəziyyəti daha da çətinləşdirib. 25-29 yaş qrupu üzrə işsizlik səviyyəsi iyulda 6.5% təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə bir qədər yüksək olub. Çində ümumi işsizlik 5.2% təşkil edir.