14 C
Baku
Saturday, November 23, 2024

Çində pensiya yaşı artırılacaq

Çin demoqrafik problemlərlə mübarizə aparmaq üçün hazırda dünyada ən aşağı yaşlardan biri olan qanuni pensiya yaşını tədricən artıracaq.

Bir çox vilayətlər artıq büdcə kəsiri ilə üzləşib və bu səbəbdən ölkə üzrə pensiya vəsaitlərində artan təzyiqi azaltmaq məqsədilə tədbirlər həyata keçiriləcək və bu, insanlara daha uzun müddət işləməyə imkan verəcək.

İslahat aktualdır, çünki Çində gözlənilən ömür uzunluğu 1960-cı ildəki 44 yaşdan 2021-ci ilə qədər 78 yaşa yüksəlib. ÇXR bu sahədə ABŞ-ı üstələyir və 2050-ci ilə qədər insanların ömür həddinin 80 yaşı keçəcəyi proqnozlaşdırılır.

Hökumətin elanı 2023-cü ildə ardıcıl ikinci il azalan və onilliklər ərzində aşağı düşəcəyi gözlənilən doğum nisbətinin azalması ilə mübarizə istiqamətində strategiyaların təkmilləşdirilməsi planlarını da əks etdirən əsas siyasi sənədin bir hissəsi idi.

Sənəddə qeyd olunan islahatların 2029-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

Hazırda Çində kişilər üçün pensiya yaşı 60-dır ki, bu da əksər inkişaf etmiş ölkələrlə müqayisədə 5-6 il azdır. Bu hədd ofis işlərində çalışan qadınlar üçün 55, fabriklərdə çalışan qadınlar üçün 50 yaşdır.

Milli səhiyyə orqanları 60 və daha yuxarı yaşda olan insanların sayının 2035-ci ilə qədər 280 milyondan 400 milyona çatacağını gözləyir ki, bu da Böyük Britaniya və ABŞ-ın indiki bütün əhalisinə bərabərdir.

Birləşmiş Millətlər Təşkilatının Əhalinin İnkişafı Fondunun baş məsləhətçisi Maykl Herrmann bildirib ki, əksər ölkələr pensiya fondlarını qorumaq və işçi qüvvəsinin potensial azalmasını ləngitmək üçün demoqrafik təzyiqlərə cavab olaraq pensiya yaşını artırıb.

Çin Dövlət Elmlər Akademiyası hesab edir ki, 2035-ci ilə qədər pensiya sistemində vəsaitlər tükənəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər