Cari il Çində ötən ildəkindən 0.5 faiz çox – 686.53 milyon ton taxıl istehsal olunub. Bu, dünyanın ən iri taxıl istehsalçısı olan Çin üçün rekord göstəricidir.
Bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Ardıcıl 8 ildir ki, Çində taxıl istehsalı 650 milyon tondan çox olub.
Qeyd edək ki, Çin hökuməti ölkənin taxılla təminatında problemlərin yaranmaması üçün bir sıra vacib addımlar atıb. Hökumət taxıl istehsalını illik 650 milyon tondan yuxarı səviyyədə saxlamaq üçün toxum sənayesinin genişləndirilməsi, kənd təsərrüfatı texnikasının istehsalının çoxaldılması, ölkənin şimal bölgələrində daşqınların yay taxılı əkininə mane olması səbəbindən mərhələli şəkildə daha çox payızlıq taxıl əkilməsi bu addımlardandır.
Dünyada buğda istehsalının təxminən 17 faizini təmin edən Çində ötən il taxıl əkilən ərazilərin sahəsi 2020-ci illə müqayisədə 863 min hektar artırılıb. Hazırda Çində 127 milyon hektardan çox əkin sahəsi var ki, onun da 106 milyon hektarı taxıl zəmisidir. Amma yerli istehsal 1.4 milyard əhalisi olan Çinin tələbatını ödəmədiyi üçün xaricdən ərzaq məhsulları, o cümlədən taxıl idxal olunur və idxal ildən-ilə çoxalır. 2010-cu illə müqayisədə 2020-ci ildə Çinin ərzaq məhsulları idxalı 4.6 dəfə artıb.