Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Koreya yarımadasındakı vəziyyəti gərginləşdirmək üçün addımlar atmamağa çağırıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bu gün keçirdiyi mətbuat konfransında bu barədə bəyanatla çıxış edib.
XİN sözçüsü həmçinin qeyd edib ki, ABŞ bu yaxınlarda strateji silahlarını Koreya yarımadasında yerləşdirərək bu bölgədə genişmiqyaslı hərbi təlimlərə başlayıb:
“Çin isə öz növbəsində ABŞ-ı Koreya yarımadasında vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün konkret addımlar atmağa çağırır. Ümid edirik ki, bütün tərəflər təmkin nümayiş etdirəcək, təzyiq göstərilməsindən və qarşıdurmadan qaçacaqlar”.
XİN sözçüsü bildirib ki, ABŞ xüsusilə, Şimali Koreyanın haqlı narahatlıqlarına cavab vermək üçün konkret addımlar atmalı, gərginliyin azaldılması və dialoqun bərpası üçün şərait yaratmalıdır”.
Xatırladaq ki, bir müddət öncə Yaponiya hökuməti Şimali Xokkaydo prefekturasının sakinlərini Şimali Koreya tərəfindən raket hücumu təhlükəsi ilə əlaqədar təcili olaraq binalarda, metro stansiyalarında və yeraltı sığınacaqlarda gizlənməyə çağırıb. Sonra raketin Hokkaydo regionunda enmə təhlükəsi olmaması səbəbindən müvafiq xəbərdarlıq ləğv edilib.
Yaponiya rəsmiləri həmçinin bildiriblər ki, Şimali Koreya raketi Yaponiyanın ərazi sularından və eksklüziv iqtisadi zonasından kənara düşüb, heç bir ziyan qeydə alınmayıb.