2025-ci ilin ilk üç rübündə Azərbaycan Çindən avtomobil idxalını kəskin artırıb. 2024-cü ilin analoji dövründə 11 214 ədəd olan idxal 2025-ci ildə 38 713 ədədə yüksəlib.
Banker.az xəbər verir ki, bu, 3,4 dəfə artım deməkdir. Bununlada ümumi idxalda Çinin payı 18 faizdən 50 faizə yüksəlib. İlin müvafiq dövründə ölkəyə cəmi 78 205 ədəd minik avtomobili gətirilib (2024: 59 479 ədəd).
Bu indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Dəyər ifadəsində isə artım daha da yüksəkdir. İdxalın ümumi məbləği 284,45 milyon dollardan 702,19 milyon dollara qalxıb, yəni 146,8% artım baş verib.
Azərbaycan avtomobil bazarında son iki ildə Çin istehsalı modellərin sürətli yayılması Almaniya, Yaponiya və Koreya avtomobillərinə olan marağı azaldıb və bir çox modellərdə qiymətlər 15–20% enib.
Ekspertlərin sözlərinə görə, Çin avtomobillərinin ucuzluğu əsasən daxili bazar üçün istehsal olunan və zəmanətsiz gətirilən modellərlə bağlıdır. Rəsmi distribütor xətti ilə gələn Çin markalarının sayı artsa da, paralel idxal səbəbindən bazarda qeyri-sağlam rəqabət yaranır və bu, yerli dilerləri çətin vəziyyətə salır. Uzmanlar hesab edir ki, mənfi tendensiyanın təsiri əsasən 2026-cı ildən sonra hiss olunacaq.
Kateqoriyalar üzrə dinamikada əsas artım hibrid mühərrikli “plug-in”, yənixarici mənbədən elektriklə şarj oluna bilən modellər hesabına formalaşıb. Hazırda Azərbaycan hökuməti növbəti ildə də, elektrik avtmobilləri üçün gömrük rüsumundan azad etmə güzəştini davam etdirəcək. Bu idxalı sürətləndirir. “Plug-in” hibrid benzin mühərrikli avtomobillərin idxalı rekord həddə çatıb. 2024-cü ildə cəmi 3 ədəd olan bu qrupdan 2025-ci ildə 30 754 ədəd idxal olunub. Bu növdə avtomobillər dəyərdə 52,6 min dollardan 539,2 milyon dollara qədər artımına gətirib.
“Plug-in” olmayan hibrid benzin mühərrikli avtomobillərin idxalı da 3 601 ədəddən 4859 ədədə yüksəlib (34,9% artım). Dəyər göstəricisi isə 3,6% artıb.
Dizel mühərrikli avtomobillərdə dinamika qarışıqdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1500–2500 kub sm-lik dizel avtomobillərin idxalı 5% artıb, lakin 2 500 kub sm-dən böyük dizel mühərrikli avtomobillərin idxalı 2779 ədədədən cəmi 6 ədədə düşüb — bu, 99,8% azalma deməkdir. Dəyər ifadəsində də eyni — 70,5 milyon dollardan 171,6 min dollara qədər geriləmə var.
Kiçik həcimli (1000 kub sm-dən az) benzin mühərrikli idxal 28,9% azalıb. 1000–1500 kub sm kateqoriyası 2024-lə müqayisədə 34,9% azalaraq 1242 ədədə düşüb. 1500–3000 kub sm olan benzin avtomobillərində isə 3,1% artım müşahidə edilib. 3000 kub sm-dən böyük mühərrikə malik benzinli avtomobillərin idxalı isə tam dayanıb.
Elektrik avtomobillər və ya “e-car”da geriləmə var. İdxal sayı son bir ildə 1 756 ədədədən 739 ədədə düşüb (57,9% azalma). Dəyər ifadəsində isə 63,5 milyon dollardan 18,1 milyon dollara qədər azalma (71,5%) qeydə alınıb.










