Dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstan atom elektrik stansiyasını tikməyi planlaşdırır.
Banker.az xəbər verir ki, bu addımı atmağa ölkəni dekarbonizasiya kursu və kriptovalyuta maynerlərinin kütləvi miqrasiyası sövq edib. Respublikanın energetika naziri Maqzum Mirzaqaliyevin sözlərinə görə, yekun qərar hələ qəbul edilməyib.
2014-cü ildə “Rosatom” Qazaxıstan Milli Atom şirkəti “Kazatomprom”un idarə heyətinin sədri ilə atom elektrik stansiyasının tikintisinə dair memorandum imzalayıb. Lakin 2016-cı ilin noyabrında respublikanın energetika naziri Kanat Bozumbayev bildirib ki, ölkə yaxın 7 ildə atom elektrik stansiyası tikmək fikrində deyil.
Ölkə hakimiyyəti 2035-ci ilə qədər elektrik enerjisi istehsalı və istehlakını hesabladıqdan sonra tikinti işlərini müzakirə etməyə başlayıb. Atom elektrik stansiyası əhalini və iqtisadiyyatı enerji ilə təmin etmək üçün lazımdır. Mirzaqaliyevin sözlərinə görə, tikinti 10 ilə qədər davam edə bilər.
Qazaxıstanda enerji böhranı 2021-ci ildə başlayıb, bu qismən maynerlərin Çindən ölkəyə kütləvi şəkildə köçməsi ilə əlaqəli olub. Xatırladaq ki, bu ilin may ayında ÇXR ölkə ərazisində bütün kriptovalyuta əməliyyatlarını qadağan etmişdi.
2022-ci ildə Qazaxıstan Rusiyadan gündə 500-1000 MVt elektrik enerji almağı planlaşdırır, qiymətlər hazırda müzakirə olunur.
2021-ci ilin oktyabrında Qazaxıstan bitkoin mayninqinə görə dünyada ikinci olub. Bu sahədə ABŞ liderlik edir, Rusiya isə üçüncü yeri tutur.