“Mən xoşbəxtəm”.
Çingiz Abdullayev Xəzər və Qara dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun prezidenti oldu.
Oxu.Az xəbər verir ki, bu gün Bakıda fondun 14-cü iclası keçirilir, iclasın sonunda Bakı deklarasiyası qəbul ediləcək.
İclasın əvvəlində Çingiz Abdullayev tədbirin bütün xarici qonaqlarını salamlayıb.
“Mən böyük məmnuniyyətlə Bakının bütün xarici qonaqlarını salamlayıram. Bakının necə çiçəkləndiyini, necə gözəlləşdiyini görürsünüz. Doğma şəhərimdə olduğunuz üçün çox xoşbəxtəm”, – o deyib.
Qeyd edək ki, Xəzər və Qara dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondu (XQDƏTBF) – qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Təşkilat 2009-cu ilin mart ayının 4-də Buxarestdə Rumıniya prezidenti Trayan Besesku və Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb.
Regionun bu unikal təşkilatının İdarə Heyətinin üzvləri – Azərbaycandan, Albaniyadan, Belarusdan, Bolqariyadan, Bosniya və Hersoqovinadan, Gürcüstandan, İrandan, Qazaxıstandan, Qırğızıstandan, Moldovadan, Rusiyadan, Rumıniyadan, Sao Tome və Prinsipedən, Serbiyadan, Türkiyədən, Ukraynadan, Xorvatiyadan, Monteneqrodan, İsveçrədən və CAR-dan olan siyasətçilər, diplomatlar və professorlardır.
2013-cü ilin avqust ayının 1-də XQDƏTBF BMT İqtisadi və Sosial Şura yanında Xüsusi Konsultativ Status alıb.