13 C
Baku
Tuesday, May 7, 2024

Çingiz Abdullayev öz yaradıcılığı ilə Azərbaycanı dünyada tanıdan milli dəyərdir – Ziyad Səmədzadə yazdı

Tarix boyu hər bir dövlətin, xalqın, toplumun, fərdi olaraq hər kəsin ziyalı sözünə ehtiyacı olub.

Hər bir tarixi dövrdə ziyalıların mövqeyinə ehtiyac duyulub və indi də belədir.

Ələlxüsus mənəvi və əxlaqi dəyərlərin xüsusilə böyük rol oynadığı cəmiyyətlərdə ziyalılara böyük böyük dəyər verilib, onlara dərin ehtiram göstərilib.

Çünki əsil ziyalılar həmişə cəmiyyətə doğru yol göstəriblər, xalqın intibahında əvəzsiz  rol oynayıblar.

Azərbaycan xalqının da milli mentalitetində, mənəvi və əxlaqi düşüncəsində tarix boyu ziyalı sözünün böyük çəkisi olub və indi də belədir. Nizami, Füzuli, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli, Niyazi, Əziz Əliyev, Azad Mirzəcanzadə, Xudu Məmmədov, Sabit Orucov, Heydər Əliyev və adlarını çəkmədiyim neçə-neçə elm adamlarımız, şair və yazıçılarımız, siyasətçilərimiz, korifey sənətkarlarımız xalqımızın milli düşüncəsinin formalaşmasında, tarixində rol oynayan böyük ziyalılarımızdır.

Adı dünyanın sayılıb-seçilən siyasi liderləri ilə bir cərgədə çəkilən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  siyasi və həyat tərzləri, insanlarla ünsiyyətləri əsil ziyalılıq məktəbidir.

Təsadüfi deyil ki, bu gün dünyada Azərbaycan xalqının dünyagörüşündən, təfəkküründən, bəşəri dəyərlərə töhfələrindən söz düşəndə ilk olaraq ziyalılarımız yada düşür. Bu baxımdan ziyalılar xalqımızın milli sərvətidir. Onları qorumalı, uca tutmalı, irslərini təbliğ etməliyik.

Lakin son vaxtlarda Azərbaycan ziyalılarının öndə gələn nümayəndələrindən olan xalq yazıçısı Çingiz Abdullayevin barəsində kütləvi informasiya vasitələrində səslənən qərəzli fikirlər, əsasən onun şəxsiyyətinə yönəlmiş ittihamlar dərin narahatlıq doğurur.

Çünki söhbət yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da sevilən, imzası ilə Azərbaycanı dünyaya tanıdan bir dəyərli yazıçımızdan, ziyalımızdan, nasirdən, publisistdən gedir. O şəxsdən ki, dünyanın harasında olursa olsun, özünün və ya əsərlərinin adı çəkiləndə Azərbaycan yada düşür.

cingiz 1

Çingiz Abdullayevi tənqid edənlər onu Azərbaycan dilini bilməməkdə, azərbaycanca yaza bilməməkdə, hətta ləhcə ilə danışmaqda ittiham edirlər. Çingiz Abdullayev Azərbaycan dilində ləhcə ilə danışa, sözləri bakılı ləhcəsi ilə işlədə bilər. Çünki Bakıda doğulub boya başa çatıb və bakılı şivəsi ilə danışması tamamilə normal bir haldır. Amma xalq yazıçısını Azərbaycan dilində yaza bilməməkdə ittiham etmək ən azından mənəviyyatsızlıqdır. Onun danışıq zamanı bəzi sözlərimizi bakılılara xas ləhcədə işlətməyə görə tənqid etmək isə milli dəyərlərimizə qarşı çıxmaqdır.

Bəzilərinin xüsusi canfəşanlıqla, altını cızaraq qeyd etdiyi kimi, Azərbaycan dilində sözləri tələffüz edərkən Çingin Abdullayevin rusdilli olduğu aydın şəkildə görünə bilər. Lakin bu onun şəxsiyyətinin,  yazıçı kimi fəaliyyətinin və öz xalqına bağlılığının qiymətləndirilməsi üçün heç bir halda meyar ola bilməz.  Ən azından ona görə ki, Çingiz Abdullayev fikirlərini rus dilində ifadə etməklə belə çoxlarından daha vətənpərvərdir və bu barədə istənilən şəxslə mübahisə etməyə hazıram.

Bu baxımdan Çingiz Abdullayevə hücum edənlərin yadına onun hələ Vətən müharibəsi günlərində Rossiya-1 televiziyasında yayımlanan «60 dəqiqə» proqramında öz milləti və dövləti üçün necə  mübarizə apardığını yada salmaq istəyirəm.

Erməni yalanlarının ayaq tutub yeridiyi Rusiya efir məkanında məhz Çingiz Abdullayev kimi ziyalılarımız Azərbaycan davasını edirdilər. Məhz belə insanların sayəsində Azərbaycan həqiqətləri 44 günlük müharibə zamanı Rusiya auditoriyasına çatdırılırdı. Biz bunu necə unuda bilərik? İndi Çingiz Abdullayevi tənqid edənlərin biri belə həmin rus kanallarında doğru-düzgün danışa bilməz və ya Paşinyan kimi dili topuq vuraraq özünü gülünc vəziyyətinə salardı.

Məlumdur ki, böyük şairimiz və mütəffəkirimiz Nizami öz əsərlərini fars dilində yazmışdır. Çünki 12-ci əsrdə poeziyada fars dili hökmran olub.  Amma Nizami öz əsərləri ilə məhz Azərbaycan ədəbiyyatının möhtəşəm nümunələrini yaradıb. Xaqani Şirvani də əsərlərini fars və ərəb dillərində yazsa da, Azərbaycan poeziyasının inkişafına xidmət edib. Orta əsrlərdə yaşayıb yaratmış bütün şair və mütəəfəkkirlərimizin ərəb və fars dillərində qələmə aldıqları əsərlər klassik ədəbiyyatımızın ən böyük inciləridir. Azərbaycan dilində  yazılmasa belə, onların hər bir əsəri milli kimliyimizə, tariximizə işıq salır, xalqımızı dünyaya tanıdır.

Abbasqulu ağa Bakıxanov da «Gülüstani-İrəm» əsərini 1841-ci ildə farsca yazıb və daha sonra rus dilinə tərcümə edib. Azərbaycan dilində yazılmasa belə, Abbasqulu ağa Bakıxanov bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub.  Çünki  «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir.

Yalnız Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuş böyük dramaturqumuz, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadə isə əsərlərini sonradan özü rus dilinə tərcümə etmişdir.  Bütün adını çəkdiyim ədəbi-tarixi korifeylərimiz  hansı dildə yazmalarından asılı olmayaraq Azərbaycan bədii ədəbiyyatını, bədii tarixini yaradıblar, öz qələmləri ilə bu millətə xidmət ediblər.

Çingiz Abdullayev də həmin insanların müasir dövrdəki davamçısıdır. Rusca yazsa da, onun bu imkandan düzgün yararlanması Azərbaycanın dünyada təbliğinə, tanınmasına xidmət edir.

Bir məsələ də var ki, onun barəsində tənqidi danışanlar əsərlərini tənqid etməyə məqam tapmırlar. Ən pis halda onun rusdilli və ya postsovet auditoriyasında tanındığını deyirlər. Bəyəm postsovet auditoriyası kiçikdir? Bəyəm postsovet auditoriyasında tanınmaq asandır? Görəsən postsovet auditoriyasının oxucuları hansı meyarlarına görə avropalı oxucularından geri qalırlar. Elə bizə daha yaxın olan və ya daha lazım olan postsovet auditoiyası deyilmi?

Çingiz Abdullayevi ruslli auditoriyada tanınmaqda ittiham edənlərin nəzərinə çatdırmaq istəyirəm ki, onun bioqrafiyası ilə daha yaxından tanış olsunlar. Çünki 200-dən çox kitabın müəllifi olan, əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq 27 milyon nüsxədə nəşr edilən Çingiz Abdullayev Avropada da yaxından tanınır. Onun «Mavi mələklər», «Qaranlıq simfoniyası», «Dronqo», «Mənim gözəl alibim», «Kabuslar tuneli» «Demək olar ki, inanılmaz qətl»,  «Öz dünyanı yarat», «Günəş altında qaranlıq», «İdeal hədəf», «Bütlərin yükü», «Öldürməyə öyrədilmiş», «Tənha ürəklərin evi», «Tərsinə çevrilmiş reallıq», «Qurban sindromu», «Alliqator xətti», «Həvəskarların arzusu», «Avropanın ələhidarları», «İngilis bulvarı», «Transilvaniyaya səyahət», «Oliqarxın varisi», «Əfsanə hüququ» , «Herodun kölgəsi», «Adında şər»  və «Adında xəyanət», “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” kimi  psixoloji və siyasi detektiv janrında yazdığı romanları Fransa, Almaniya, İtaliya, İsveç, Rumıniya, Latviya, Bosniya və Herseqovina, Serbiya, Albaniya, Bolqarıstan kimi dövlətlərdə  nəşr olunub. Çingiz Abdullayevi tənqid edənlər isə heç Biləcəridən o yana keçə bilməyiblər.

Bu gün Çingiz Abdullayev  Lütfi Zadə, Tahir Salahov, Rəşid Behbudov, Müslüm Maqomayev kimi korifeylərin yolunu gedərək öz imzası ilə Azərbaycanı dünyada tanıdır. Biz belə insanlarla yalnız fəxr etməli, qürur duymalıyıq. Çox təəssüf ki, bu gün bəziləri bunu dərk etmir, görməzlikdən gəlir, urapatriotluqla məşğul olurlar. Çingiz Abdullayevi təhqir etmək isə milli dəyərlərimizi tapdalamaq deməkdir. Həmin tənqid və təhqir müəlliflərinin təbirincə biz gərək yuxarıda adlarını çəkdiyim Lütfi Zadədən, Müslüm Maqomayevdən, Tahir Salahovdan, Kərim Kərimovdan, Fərman Salmanovdanvə eləcə də adlarını çəkmədiyim neçə-neçə soydaşımızdan imtina edək. Axı onlar da obyektiv səbəblərdən Azərbaycan dilində səlis danışa bilmir və ya Azərbaycanda yaşamırdılar.

Ona görə görə Çingiz Abdullayevi təndiq edənlər, ona çamur atanlar papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı düşünsələr yaxşı olar. Düşünsünlər ki, Çingiz Abdullayevin etdiklərinin mində biri qədər bu millət üçün nə ediblər?  Və ya görəsən Çingiz Abdullayevin mində biri qədər vətənpərvər ola bilərlərmi? Hesab edirəm ki, onların zərrə qədər vətənpərvərlikləri olsaydı, böyük yazıçımıza qarşı belə hörmətsizlik etməzdilər.

Bu gün Çingiz Abdullayevə qarşı çıxanların layiqli cavabları veriilməsə, sabah digər böyük sənətkarlarımızı ləkələməyə çalışacaqlar. Necə ki, bir neçə il əvvəl Səməd Vurğunun və Sülyeman Rüstəmin yaradıcılığına kölgə salmağa çalışırdılar, lakin cəmiyyətin sərt reaksiyası ilə üzləşərək layiqli cavabını aldılar.

Çingiz Abdullayev öz uğurlu yaradıcıığı ilə Azərbaycanı dünyada tanıdan milli dəyərdir. Milli dəyərləri isə qorumaq, tərənnüm etmək bizim müqəddəs vəzifəmizdir.

Ziyad SƏMƏDZADƏ,

AKADEMİK

Son xəbərlər
 ⁠
Digər xəbərlər