Türkiyə hakimiyyəti Çinin avtomobil istehsalçısı “BYD Co.” ilə müqavilə imzalamaq niyyətindədir. Söhbət 1 milyard dollarlıq zavodun tikintisindən gedir, “Bloomberg” yazır. Agentlik mənbələrinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 iyulda zavodun tikintisi planlaşdırılan Manisa vilayətində keçiriləcək tədbirdə məlumat verəcək.
Türkiyədə zavodun açılışı Çinin ən böyük elektrikli avtomobil istehsalçısı “BYD”yə ölkənin gömrük müqaviləsi bağladığı Avropa İttifaqı (Aİ) bazarına daha asan çıxış imkanı verə bilər.
Bir gün əvvəl Avropa Komissiyası Çinin elektromobillərinin Aİ-yə idxalına əlavə rüsumlar tətbiq edib. “BYD Co.” üçün bu rüsum 17.4% təşkil edir.
Türkiyə bazarı da “BYD”nin marağındadır. Ötən il Türkiyədə avtomobil satışının 7.5%-ni elektrik mühərrikli avtomobillər təşkil edib.
Ötən həftə məlum olub ki, Türkiyə hakimiyyəti Çin elektrik avtomobillərinin ölkəyə idxalına əlavə 40% rüsum tətbiq etməkdən imtina edib. Bu, Rəcəb Ərdoğanın Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin görüşündə Çin sədri Si Cinpinlə danışıqlarından sonra baş verib.