4 C
Baku
Tuesday, January 27, 2026

Çinin “Anta” şirkəti “Puma”da €1,5 milyardlıq pay alır

Çinin idman geyimləri istehsalçısı “Anta Sports Products” “Puma” brendinin təxminən 29%-ni €1,5 milyard qarşılığında almağa razılaşıb. “Bloomberg”in şirkət açıqlamasına istinadən yazdığına görə, “Anta” razılaşma çərçivəsində Pino ailəsinə məxsus “Artemis” investisiya şirkətindən təxminən 43 milyon “Pum”a səhmi alacaq və idman şirkətinin əsas səhmdarına çevriləcək. “Anta” hər səhm üçün €35 ödəyəcək ki, bu da 26 yanvar tarixində Avropada ticarətin bağlanış qiyməti olan €21,63 ilə müqayisədə 62% əlavə dəyər deməkdir. Sövdələşmənin 2026-cı ilin sonunadək tamamlanacağı gözlənilir.

“Anta” səhmləri Honq-Konq birjasında pik nöqtədə 3,4% bahalaşıb — bu, 2025-ci ilin noyabrından bəri ən güclü artım sayılır. “Puma” səhmləri isə Almaniyada keçirilən ticarətdə maksimumda 21,2% artaraq €26,21-ə yüksəlib.

“Bloomberg” qeyd edir ki, “Puma”dakı payın alınması nəzəri olaraq brendin tam satın alınmasına yol aça bilər. Lakin “Anta” hələlik belə planlarının olmadığını bildirib. Agentlik daha əvvəl “Anta” ilə yanaşı digər mümkün alıcılar arasında Çin şirkəti “Li Ning” və Yaponiyanın “Asics Corp.” adlarını da çəkmişdi.

“Puma”dakı payın alınması “Anta”ya Qərb brendləri portfelini genişləndirməyə imkan verəcək. Məqsəd pandemiyadan sonra Çində idman geyimlərinə artan tələbatı qarşılamaqdır. “Anta” artıq “Fila”, “Descente” və “Jack Wolfskin” kimi beynəlxalq brendlərə sahibdir. Şirkətin direktorlar şurasının sədri Din Şiçjun bildirib ki, “Puma”ya investisiya “Anta”nın qlobal genişlənməsini sürətləndirəcək və dünya idman bazarlarında, o cümlədən Çində yeni artım mərhələsi yaradacaq. Onun sözlərinə görə, Puma səhmlərinin hazırkı qiyməti brendin uzunmüddətli potensialını tam əks etdirmir.

Bununla belə, analitiklər xəbərdarlıq edirlər ki, bu sövdələşmə “Anta”nın öz brendinə təzyiqi artıra bilər — şirkət artıq 2025-ci il üzrə gəlir proqnozunu aşağı salıb. Analitiklər hesab edirlər ki, brend mövqeləndirməsi, təchizat zənciri və distribusiya sahələrində sinerji hesabına “Puma”nın Çində biznesi ciddi artım potensialı əldə edə bilər.

Son xəbərlər
Digər xəbərlər