Çində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Hubey vilayətində fəaliyyəti dayanmış hava limanlarında sərnişin və yük təyyarələrinin uçuşları bərpa olunub.
Vilayətin inzibati mərkəzi olan Uxan şəhəri istisna olmaqla vilayət ərazisindəki hava limanları 2 aylıq fasilədən sonra martın 29-da normal fəaliyyətə başlayıb. İlk uçuş “Fuzhou Airlines” şirkətinə məxsus təyyarənin 64 sərnişinlə İçan şəhəri hava limanından qalxaraq Fucou istiqamətində yola düşməsi olub.
Çin Mülki Aviasiya Administrasiyasının məlumatına əsasən, uçuşlardan əvvəl hava limanları dezinfeksiya olunub, işçilərə isə xüsusi təlim keçirilib. Hava limanlarında sərnişinlərin bədən hərarətini ölçən termal kameralar quraşdırılıb. COVID-19 infeksiyasının əlamətləri olan sərnişinlərin izolyasiyası üçün xüsusi məntəqələr də hazırlanıb.